Pavlo Netreba: “Yarışın təşkilində məqsəd dünya çempionatından əvvəl gimnastlarımızın hazırlıq səviyyəsini yoxlamaqdır"

Pavlo Netreba: “Yarışın təşkilində məqsəd dünya çempionatından əvvəl gimnastlarımızın hazırlıq səviyyəsini yoxlamaqdır"




Milli Gimnastika Arenasında kişilər və qadınlar arasında idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi başa çatdıqdan dərhal sonra Azərbaycanın kişi idman gimnastikası üzrə yığma komandasının baş məşqçisi Pavlo Netrebanın yarış və idmançıların oktyabrın 25-dən noyabrın 1-dək Böyük Britaniyanın Qlazqo şəhıərində keçiriləcək dünya çempionatına hazırlığı ilə bağlı fikirlərini öyrəndik.


- Yoxlama məşq xarakteri daşıyan 22-ci Bakı çempionatı və birinciliyi yüksək səviyyədə təşkil olunub.Yarışın təşkilində məqsəd dünya çempionatından əvvəl gimnastlarımızın hazırlıq səviyyəsini yoxlamaqdır. Gənclərin Avropa, böyüklərin isə dünya çempionatına hazırlığı burada mühüm əhəmiyyət kəsb edir. Qlazqoda keçirilən dünya çempionatı lisenziya xarakteri daşıdığından idmançılarımız üçün çox mühümdür. Bu yarışda medaldan daha çox lisenziya qazanmaq əsasdır. Dünya çempionatında güclü gimnastlar yarışırlar. Bu da təbii ki, güclü rəqabət deməkdir. İnanırıq ki, məqsədimizə nail olacağıq. I Avropa Oyunlarının çempionu Oleq Stepkonun və Oyunların bürünc mükafatçısı Petro Paxnyukun rəhbərliyin və məşqçi heyətinin etimadını doğruldacaqlarına şübhəm yoxdur. Oleq Stepko ölkəmizdə keçirilən Avropa Oyunlarına 5 medal qazandı, Petro Paxnyuk bu yarışlarda zədəli olmasına baxmayaraq sona qədər mübarizə apardı və bürünc mükafata sahib oldu. Hər iki idmançının gücünə bələdəm. Onlar öz üzərilərində çox işləyirlər. Yığmanın məşqçisi kimi mənim üzərimə böyük məsuliyyət düşür. Lakin komandada öz işini bilən peşəkar kadrlar olduğundan gərginlik yoxdur.
Düşünürəm ki, I Avropa Oyunlarından sonra idman gimnastikası da daxil olmaqla, gimnastikaya maraq daha da artıb. Uşaqların, yeniyetmələrin bölmələrə axını çoxalıb. Bu da bizə istedadlı uşaqların yığmaya cəlb edilməsində kömək edir. Məqsədimiz gənclərdən ibarət yığma komanda yaratmaqdır. İstəyirik ki, onalr Avropa çempionatında özlərini sınaya bilsinlər.

Qeyd edək ki, Azərbaycan yığma komandasının məşqçi heyətinə 2014-cü ildən daxil olan ukraynalı mütəxəssis, Oleq Stepko və Petro Paxnyukun şəxsi məşqçisidir. Onun yetirmələri, digər Azərbaycan gimnastı Eldar Səfərovla birgə Bakıda təşkil olunan 1-ci Avropa Oyunları çərçivəsində keçirilən idman gimnastikası üzrə yarışlarda komanda hesabında bürünc medal əldə ediblər. Oleq Stepko isə fərdi yarışlarda bu mükafata daha 4 medal əlavə edib (1 qızıl, 2 gümüş və 1 bürünc).


Səadət