Bakıda Avropa və Beynəlxalq ƏOH-nın birgə konqresi işə başlayıb. Dövlətimizin başçısı, MOK-un Prezidenti İlham Əliyev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının xüsusi medalı ilə mükaflandırılıb

Bakıda Avropa və Beynəlxalq ƏOH-nın birgə konqresi işə başlayıb. Dövlətimizin başçısı, MOK-un Prezidenti İlham Əliyev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının xüsusi medalı ilə mükaflandırılıb



Oktyabrın 8-də Bakıda Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının birgə konqresi öz işinə başlayıb.
Qonaqları salamlayan gənclər və idman naziri Azad Rəhimov konqresin və Avropa Ədalətli Oyunlar Hərəkatının 21-ci Assambleyasının təşkilinin ölkəmizə həvalə edilməsinə görə təşəkkürünü bildirib.
Nazir qeyd edib ki, Azərbaycan artıq neçə illərdir istər idman uğurları ilə, istərsə də mötəbər beynəlxalq yarışların və tədbirlərin təşkilində dünya idmanında özünə məxsusi yer tutub. Bu mənada 2015-ci il təkcə Azərbaycanın deyil, həm də Avropanın, ümumiyyətlə dünyanın idman tarixi üçün əlamətdar oldu. Bəşəriyyətə Olimpiya Oyunları kimi bir ideyanı bəxş etmiş qitənin özünün ilk çoxnövlü kütləvi idman təntənəsinə məhz Azərbaycan, onun paytaxtı ev sahibliyi etdi.
Yarışlar zamanı ədalət prinsiplərinə əməl edilməsini, bu prinsiplərin qorunmasına diqqət yetirilməsini xüsusi vurğulayan nazir ədalətli oyunların Olimpizmin əsas təməl prinsipi, onun ideya daşıyıcısı olduğunu diqqətə çatdırıb.
Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Kristian Hinterberqer və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının rəhbəri Yeno Kamuti Azərbaycan idmançılarının qazandığı nailiyyətləri və ölkədə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.
Cari ilin iyununda ölkəmizin qitənin ən böyük idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb və "Bakı-2015"in ədalətli oyunlar prinsipinə əsasən təşkil olunduğu və tamaşaçıların xatirəsində xoş izlər buraxdığı qeyd olunub.
Yeno Kamuti bildirib ki, Azərbaycanda idmanın inkişafına və ədalətli oyunlar hərəkatını dəstəklədiyinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının xüsusi medalı ilə mükafatlandırılıb. Mükafat gənclər və idman naziri Azad Rəhimova təqdim olunub.
Sonra Azərbaycanda və dünyada Ədalətli Oyunlar Hərəkatından bəhs edən videoçarx nümayiş olunub.
Konqres işini müzakirələrlə davam etdirir.