“Olimpiya dünyası” qəzetinin Dünya kubokunu yüksək səviyyədə təbliğ etməsi FİDE-nin və Dünya kubokunun rəsmi internet səhifəsində yer aldı

“Olimpiya dünyası” qəzetinin Dünya kubokunu yüksək səviyyədə təbliğ etməsi FİDE-nin və Dünya kubokunun rəsmi internet səhifəsində yer aldı


Qəzetimizin dərc etdiyi məsələ və etüdlər
şahmat bəstəçiliyinin "Qızıl Fondu”ndakı FİDE Albomuna daxil olub


Bir neçə gün əvvəl Azərbaycan daha bir beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi etdi. Dünyanın ən yaxşı şahmatçıları Bakıda Dünya kuboku uğrunda yarışdılar. Təxminən 1 ay ərzində keçirilən yarış ən güclünü müəyyənləşdirdi.
Dünya kuboku kimi mötəbər şahmat yarışı dünya KİV-ləri tərəfindən işıqlandırıldı. Şahmatsevərlər bu turnir barəsində geniş məlumat aldılar. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan "Olimpiya dünyası” qəzeti ölkəmizdə keçirilən bütün beynəlxalq yarışlar kimi, Dünya kubokunu da daha geniş və operativ işıqlandırdı. Qəzetin hər bir sayında Dünya kuboku barəsində məlumatlar ətraflı şəkildə oxuculara çatdırıldı. Olimpiya və qeyri-Olimpiya növləri arasında heç bir fərq qoymadan həmişə operativ və ətraflı məlumatlar verən "Olimpiya dünyası” qəzetinin Dünya kuboku yarışlarından hazırladığı materiallar bu dəfə də əks-səda yaratdı. Belə ki, FİDE-nin və Dünya kubokunun rəsmi internet səhifəsində bu yarışın KİV-lərdə işıqlandırılması barəsində məlumat yerləşdirilmiş və bu məlumatda "Olimpiya dünyası” qəzetinin bu yarışla bağlı hazırladığı səhifələrin şəkli də verilmişdir.


Hər sayımızda bu idman
növünə yetərincə yer ayırırıq
Azərbaycan şahmatı bu gün özünün yüksəliş dövrünü yaşayır. Azərbaycanda istedadlı şahmatçılar yetişib. Bu ənənələr davam etdirilir. Uğurlarımız isə yetərincədir. Şahmat sahəsində dünya çempionlarımız, FİDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində isə bir neçə qrossmeysterimiz var. "Olimpiya dünyası” qəzeti bu barədə silsilə yazılar dərc edir, hər sayımızda bu idman növünə yetərincə yer ayırırıq. Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamına və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq şahmat üzrə mətbuat orqanının bərpa edilməsi məqsədilə Azərbaycan Şahmat Federasiyası və "Olimpiya dünyası” qəzetinin birgə layihəsi çərçivəsində qəzetimizdə 4 səhifədən ibarət xüsusi "Şahmat” buraxılışı da çap edildi.


11 illik estafet
Ölkəmizdə şahmatla yanaşı, şahmat bəstəçiliyi də inkişaf etməkdədir. Şahmat bəstəçiliyi üzrə keçirilən dünya çempionatlarında, beynəlxalq yarışlarda təmsilçilərimiz uğurla çıxış edirlər. Bəstəçiliklə bağlı xəbərlər, bu mövzuya həsr olunan təhlili yazılar əvvəllər ölkəmizin müxtəlif mətbuat orqanlarında yer alıb. 2004-cü ildən isə KİV-lərdə yer alan şahmat guşələri estafetini "Olimpiya dünyası” qəbul edib. Qəzetimizdə fəaliyyət göstərən bu guşənin aparıcısı Azərbaycan Şahmat Federasiyası bəstəçilik komissiyasının sədri, şahmat bəstəçiliyi üzrə milli komandanın baş məşqçisi İ. Əliyevdir. "Olimpiya dünyası” qəzetinin həyata keçirdiyi bu layihə əsasında şahmat bəstəçiliyinin inkişafına böyük təkan verilib. Qəzetimizin keçirdiyi yarışlar çox obyektiv və operativ təşkil olunur. Şahmat məsələ və etüdlərinə həsr olunmuş beynəlxalq yarışlarımızın nəticələri çap olunan saylar mümkün qədər xarici ölkələrdə keçirilən yarışlara da göndərilir. Orada federasiya rəsmilərinə və iştirakçılara təqdim olunur.
"Olimpiya dünyası” qəzeti şahmat bəstəçiliyi dünyasında artıq brendə çevrilib. İndi şahmat bəstəçiləri və həlçiləri arasında bu qəzeti tanımayan yoxdur. Bunu internetə daxil olub, çox asanlıqla yoxlamaq olar.
Dünyanın ən məşhur şahmat bəstəçiləri artıq bu qəzeti yaxından tanıyırlar. Qeyd edək ki, qəzetimizin keçirdiyi beynəlxalq yarışlarda dünyanın bir çox ölkələrini təmsil edən şahmat bəstəçiləri iştirak ediblər. "Olimpiya dünyası” Azərbaycan Şahmat Federasiyası bəstəçilik komissiyasının sədri, şahmat bəstəçiliyi üzrə milli komandanın baş məşqçisi İ. Əliyevin yaxından iştirakı ilə bu vaxta qədər 30-dan çox yarış təşkil edib. Bu yarışlarda iştirak edən məsələ və etüdlər şahmat bəstəçiliyinin "Qızıl Fondu”ndakı FİDE Albomuna daxil olub. Qəzetimizin səhifələrində dərc olunmuş etüd 2011-ci ildə İtaliyanın Jesi şəhərində keçirilən ümümdünya şahmat bəstəçiliyi konqresində 2010-cu ilin etüdü seçilib.
Onu da qeyd edək ki, bir çox Azərbaycan bəstəçiləri müxtəlif dövrlərdə "FİDE Albomu”na daxil ediliblər.
Xatırladaq ki, "Olimpiya dünyası” qəzetinin idman nəşrləri arasında özünəməxsus yeri var. Qəzetimizin fəaliyyəti dəfələrlə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən yüksək qiymətləndirilərək "İlin ən yaxşı idman nəşri” nominasiyası üzrə birinci yerə layiq görülüb. Qəzetimizin fəaliyyəti beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Belə ki, "Olimpiya dünyası” 2004-cü ildə İspaniyanın nüfuzlü "Aktualidad” jurnalının təsis etdiyi nüfuz və keyfiyyətə görə ""Aktualidad”-XXI” adlı beynəlxalq mükafata layiq görülüb. Qəzetimizdə müxtəlif idman növlərinə həsr olunan təhlili yazılar oxucular tərəfindən rəğbətlə qarşılanır. Oxucularımız "şahmat bəstəçiliyi” guşəsinə də xüsusi maraq göstərirlər.
Anar