Sablyaçılarımızın Urmiya uğuru - 1 qızıl, 1 bürünc medal

Sablyaçılarımızın Urmiya uğuru - 1 qızıl, 1 bürünc medal


Oktyabrın 1-dən 5-dək İran İslam Respublikasının Urmiya bölgəsində qılıncoynatma üzrə açıq birincilik keçirilib. Yarışda Azərbaycan Respublikası Yüksək İdman Ustalığı Məktəbinin idmançıları da iştirak ediblər. 12 qılıncoynadanın iştirak etdiyi sablyaçıların yarışında bütün rəqiblərini üstələyən Yekaterina Proxorova turnirin qızıl medalına yiyələnib. Onun komanda yoldaşı Aysel Mirzəzadə isə bürünc medalla kifayətlənib.
Yarışla bağlı daha ətraflı məlumat almaq üçün Yüksək İdman Ustalığı Məktəbinin təlimatçısı və komandanın məşqçisi Əməkdar məşqçi Oqtay Şahverdiyevlə əlaqə saxladıq. Qılıncoynatma üzrə mütəxəssisimiz bunları dedi: "Biz bu yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Yarışlardan əvvəl idmançılar yerli qılıncoynadanlarla birgə təlim-məşqlərdə iştirak ediblər. Bundan başqa, məşqlər zamanı texniki və taktiki hazırlıqlar barədə fikir mübadiləsi də aparıldı. Fikir mübadiləsi zamanı razılıq əldə olundu ki, bu təlim-məşq toplanışları yenidən təşkil olunsun”.