Ölkəmizdə Beynəlxalq və Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyası keçirilir

Ölkəmizdə Beynəlxalq və Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyası keçirilir


Oktyabrın 7-də ölkəmizdə Beynəlxalq və Avropa Ədalətli Oyunlar Hərəkatının (BƏOH) birgə konqresi, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 21-ci Baş Assambleyası öz işinə başlayıb. Tədbir çərçivəsində Dünya Ədalətli Oyunlarının mükafatlandırma mərasimi də paytaxtımızda keçiriləcək. Oktyabrın 11-dək keçiriləcək tədbirin məqsədi idmanda və ümumiyyətlə, cəmiyyətdə ümumbəşəri dəyərlərin, etik normaların qorunması istiqamətində maarifləndirici işlərin aparılması, idman yarışları zamanı meydana gələn neqativ hallara qarşı mübarizənin gücləndirilməsi yollarının araşdırılması, mütəxəssislərin və əlaqədar təşkilatların bu işə cəlb edilməsi və müsbət nümunələrin ictimaiyyətə çatdırılmasıdır.

Konqres və Assambleyada iştirak etmək üçün ölkəmizə BƏOH prezidenti Jeno Kamyuti, AƏOH prezidenti Kristian Hinterberqer, qurumun vitse-prezidenti Ərdoğan Arıpınar, baş katibi İoannis Psilopoulos ilə yanaşı, 40-dək ölkə və beynəlxalq təşkilatdan 100-dən çox nümayəndə səfər edib.
Əvvəlcə iştirakçılar oktyabrın 6-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər və ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarları önünə əklil qoydular.
Oktyabrın 7-də "Park inn” hotelində konqres və Assambleyaya həsr olunmuş mətbuat kofransı keçirildi. Tədbirdə BƏOH prezidenti Jeno Kamyuti, AƏOH prezidenti Kristian Hinterberqer, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev, baş katibi Səlhət Abbasova, Avropa Ədalətli Oyunlar Hərəkatının nümayəndəsi Nazim Məcidov iştirak ediblər. Konfransı açıq elan edən Xəzər İsayev qeyd etdi ki, ölkəmizdə keçiriləcək konqres və Assambleya ilk dəfə olaraq həm Beynəlxalq, həm də Avropa Ədalətli Oyunlar Hərəkatının birgə təşkilatçılığı ilə baş tutacaq. O ötən il Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyasında tədbirin təşkili ilə bağlı qurumun bayrağının Azərbaycana həvalə olunduğunu diqqətə çatdırıb. 

Konqres və Assambleyanın Azərbaycanda təşkil olunmasını yüksək hadisə kimi dəyərləndirən AzƏOK sədri ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açdı. Xəzər İsayev Azərbaycanda Olimpiya Hərəkatı və idman sahəsində böyük işlərin görüldüyünü, ölkəmizin Olimpiya ailəsinin nüfuzlu üzvlərindən biri olduğunu diqqətə çatdırdı. Xəzər İsayevin ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının dövlət tərəfindən dəstəkləndiyini bildirdi və tədbirin ölkəmiz üçün əhəmiyyətindən söz açdı. Sonra söz AƏOH-nın prezidentinə verildi. İştirakçıları salamlayan Kristian Hinterberqer ədalətli oyunlar üzrə mükafatlandırma mərasimində 80-dək idman mütəxəssisinin iştirak edəcəyini dedi. Konqres iştirakçılarına təqdim olunacaq 28 məruzənin mövzusunun yerli və beynəlxalq mütəxəssislər tərəfindən hazırlandığını qeyd edən Hinterberqer ədalətli oyunlar üzrə mükafatlandırma mərasiminin də Bakıda təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirdi. "İdmançıların namizədliyi AƏOH və Avropa Olimpiya Komitəsinin birgə razılığı ilə irəli sürülür və seçilir.
Ədalətli oyunlar prinsipinə əsaslanan tədbirlərin Azərbaycanda keçirilməsi, həqiqətən də, tarixi hadisədir. İyun ayında Azərbaycanda yüsək səviyyədə keçirilən I Avropa Oyunlarında ədalətli oyunlar prinsipinə əsaslanan məqamlar kifayət qədər olub. Buna ilk Avropa Oyunlarının sambo və batut üzərində tullanma yarışlarını misal göstərmək olar. Bakı-2015 kimi mötəbər yarışdan sonra Azərbaycanın ədalətli oyunlara həsr olunmuş tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirirəm. İnanıram ki, Bakıda keçirilən digər tədbirlər kimi, konqres də yüksək səviyyədə təşkil olunacaq”, - deyə o vurğulayıb.



Beş Olimpiya Oyunlarında iştirak etdiyini bildirən Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin rəhbəri Jeno Kamyuti paytaxtımızda keçirilən I Avropa Oyunlarının, həqiqətən də, yüksək səviyyədə həyata keçdiyini diqqətə çatdırıb: "Bakı-2015 Olimpiya Oyunları səviyyəsində təşkil olunmuşdu. Deyərdim ki, hətta bəzi məqamlarda Avropa Oyunları daha da yüksəkdə idi. Oyunlar bütün dünyanın diqqətinin Azərbaycana, Bakıya yönəlməsinə səbəb oldu”. Jeno Kamyuti həmçinin ədalətli oyunlar üzrə mükafatlandırma mərasimində könüllülərin yer almasının vacibliyini də diqqətə çatdırdı. "Könüllülərin iştirakı olmadan heç bir irimiqyaslı yarışı təşkil etmək mümkün deyil. Məhz bu baxımdan onların əməyi layiqincə dəyərləndirilməlidir. Biz bu məsələnin həllini tapmaq üçün Avropa Olimpiya Komitəsinə də müraciət etmişik”,- deyə o, bildirib. Sonra söz Səlhət Abbasovaya verildi. Konqresin əsas mövzusunun "Rəqabətli idmanda ədalətli oyun - real və ya ideal” olduğunu qeyd etdi. S. Abbasova Avropa Oyunlarından sonra daha bir mötəbər tədbirin Azərbaycanda keçirilməsini ölkəmizə göstərilən etimadın göstəricisi kimi dəyərləndirdi. Nümayəndə vurğuladı ki, konqres zamanı dinləniləcək 28 məruzədən 8-ni yerli mütəxəssislər təqdim edəcəklər. Bundan əlavə, tədbirdə Olimpiya və ədalətli oyun dəyərlərinin qorunmasında dövlətin və qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı və məsuliyyəti, korrupsiyaya, saxta və ümidsiz matçlara qarşı mübarizə, idman dəyərlərinin və etikasının qorunmasında formal və qeyri-formal təhsilin rolu mövzusunda müzakirələr aparılacaq.
Oktyabrın 8-də "Park İnn” hotelində Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının birgə konqresinin açılış mərasimi keçirilib. Qonaqları salamlayan Gənclər və İdman naziri Azad Rəhimov konqresin və Avropa Ədalətli Oyunlar Hərəkatının 21-ci Assambleyasının təşkilinin ölkəmizə həvalə edilməsinə görə təşəkkürünü bildirib.
Nazir qeyd edib ki, Azərbaycan artıq neçə illərdir, istər idman uğurları ilə, istərsə də mötəbər beynəlxalq yarışların və tədbirlərin təşkilində dünya idmanında özünəməxsusi yer tutub. Bu mənada 2015-ci il təkcə Azərbaycanın deyil, həm də Avropanın, ümumiyyətlə dünyanın idman tarixi üçün əlamətdar olub. Bəşəriyyətə Olimpiya Oyunları kimi bir ideyanı bəxş etmiş qitənin özünün ilk çoxnövlü kütləvi idman təntənəsinə məhz Azərbaycan, onun paytaxtı ev sahibliyi etdi. Yarışlar zamanı ədalət prinsiplərinə əməl edilməsini, bu prinsiplərin qorunmasına diqqət yetirilməsini xüsusi vurğulayan nazir ədalətli oyunların Olimpizmin əsas təməl prinsipi, onun ideya daşıyıcısı olduğunu diqqətə çatdırıb.
Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Kristian Hinterberqer və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının rəhbəri Jeno Kamyuti Azərbaycan idmançılarının qazandığı nailiyyətləri və ölkədə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.
Cari ilin iyununda ölkəmizin qitənin ən böyük idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb və Bakı-2015-in ədalətli oyunlar prinsipinə əsasən təşkil olunduğu və tamaşaçıların xatirəsində xoş izlər buraxdığı qeyd olunub.
Jeno Kamyuti bildirib ki, Azərbaycanda idmanın inkişafına və Ədalətli Oyunlar Hərəkatını dəstəklədiyinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının xüsusi medalı ilə mükafatlandırılıb.
Sonra Azərbaycanda və dünyada Ədalətli Oyunlar Hərəkatından bəhs edən videoçarx nümayiş olunub.
Konqres işini müzakirələrlə davam etdirir. 4 sessiyadan ibarət olacaq konqres və Assambleyanın gündəliyinə daxil olan əsas mövzu ətrafında müxtəlif məruzələr dinləniləcək. Sessiyada yerli və xarici professorlar tərəfindən "İdmanda səmərəli idarəetmə: nə üçün, nə və necə suallarına beynəlxalq baxış”, "Ədalətli oyun dəyərlərinin müasir idman sistemində tənzimləmə mexanizmləri”, "Ədalətli Oyunlar üçün səmərəli idarəetmənin rolu”, "Müəllimlər və məşqçilər üçün idman etikası və dəyərləri haqqında pedoqoji təşəbbüslər toplusunun təbliğinə dair iki səmərəli təcrübə” və s. kimi mövzularda çıxışlar dinləniləcək.


Tədbir zamanı yerli və xarici mütəxəssislər fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdülər.


"Sevindirici haldır ki, iki təşkilatın birgə
tədbiri ilk dəfə
Azərbaycanda keçirilir”

Xəzər İsayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri:
- Belə bir mötəbər tədbirin Azərbaycana həvalə olunmasını böyük hadisə kimi qiymətləndirmək olar. Ədalət prinsipinə əməl etmək hər bir insanın daxili aləminin göstəricisi sayıla bilər. Həyatın bütün sahələrində ədalət prinsiplərinə riayət olunmalıdır. Sevindirici haldır ki, iki təşkilatın birgə tədbiri ilk dəfə Azərbaycanda keçirilir. Qeyd edim ki, hər iki qurum uzun illərdir, ədalət prinsiplərinin bütün dünyaya təbliğ olunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Konqres çərçivəsində həm Avropadan, həm də dünya təşkilatlarından Bakıya gələn nümayəndələr idmanda ədalətli oyun dəyərlərinin qorunması, idman etikası və idmanda korrupsiyaya qarşı mübarizə metodları və s. mövzularda mütəxəssis araşdırmaları ilə bağlı məruzələr dinləniləcək. Bu il ölkəmizdə keçirilən iclasda konqresin ilk işi ilə bağlı müzakirələr aparılmış, sessiyalar haqqında müəyyən təklif və qərarlar mütəxəssislərə təqdim olunmuşdur. Qeyd edim ki, bununla bağlı hələ bir müddət əvvəl müxtəlif ali təhsil ocaqlarına müraciət etmişik. Belə bir tədbirlərin ölkəmizdə keçiriləməsi Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan irəli gəlir. Qeyd edim ki, 1998-ci ildə ölkəmizin AƏOH-un üzvü olması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. AzƏOK ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində, eləcə də bütün cəmiyyətdə ədalət prinsiplərini dəstəkləyən bir təşkilat olaraq fəaliyyət göstərir. Yaradılmış bütün bu şərait Azərbaycan Respublikasında dövlətin və şəxsən ölkə Prezidenti möhtərəm İlham Əliyevin idmana və Olimpiya Hərəkatına olan xüsusi diqqətinin nəticəsidir. Əlimizdən gələni edəcəyik ki, konqresin yüksək səviyyədə təşkilinə nail olaq.


"İdmançılarımıza ədalətli oyun prinsiplərinin
vacibliyini də aşılayırıq”

İnqrida Amantova, qış Olimpiya Oyunlarının bürünc mükafatçısı, Latviya olimpiyaçılar qrupunun rəhbəri:

- Azərbaycana gəlişimdən çox məmnunam. Bu, mənim Bakıya ilk səfərimdir. Hava limanında bizi çox böyük mehribanlıqla qarşıladılar. Azərbaycan xalqının qonaqpərvərliyi məni valeh etdi. Uzun müddətdir ki, Latviyada olimpiyaçılar qrupuna başçılıq edirəm. Mərkəzdə gənc idmançılar yetişdirilir. 7-9-cu sinif şagirdləri idmanın müxtəlif növləri üzrə bacarıqlara yiyələnirlər. Məşqlərimiz həftədə 2 dəfə keçirilir. Fiziki hazırlıqla bərabər, idmançılarımızın intellektual inkişafı da bizim üçün xüsusi önəm kəsb edir. Buna görə biz dünya idmançılarının təcrübəsindən faydalanır, onların hərtərəfli inkişafı üçün lazımi məsələləri diqqətdə saxlayırıq. Klubumuzda yüngül atletika, kirşə idmanı, velosiped, voleybol, həndbol, avarçəkmə idman növləri tədris olunur. 1980-ci ildə kirşə idmanı üzrə Olimpiya Oyunlarının bürünc mükafatını qazanmışam. 1984-cü ildə isə Olimpiya Oyunlarında 4-cü yerin sahibi olmuşam. Hazırda bu növ üzrə komandam var və yetirmələrim buyaxınlarda Avstriyada gənclər arasında keçirilən Oyunlarda 3-4 cü yerləri tutublar. İdmançılarımıza ədalətli oyun prinsiplərinin vacibliyini də aşılayırıq. Bu gün burada iştirakımız da məhz ədalət prinsiplərinin bütün dünyaya təbliğinə xidmət edir. Qeyd edim ki. Latviya Olimpiya Komitəsi bu sahənin təbliği istiqamətində işlər görür. Ədalətli Oyunlar Hərəkatı ilə bağlı videotəqdimat hazırlamışıq və kitab nəşr etdiririk. Çalışırıq, kitaba elə nümunələr daxil edək ki, bu, hər kəs tərəfindən asanlıqla başa düşülsün.


"Bakı ilə bağlı xoş
xatirələrim var”
Vita Balsyte, Litva Olimpiya Komitəsinin Olimpiya Təhsili Proqramının rəhbəri:
- Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bakı-2015 I Avropa Oyunları zamanı Azərbaycanda çalışırdım. Olimpiya kəndində işləyirdim. Bakı ilə bağlı xoş xatirələrim var. Azərbaycana geri dönməyimdən məmnunam. Hər şey çox gözəldir. Bizə yüksək qonaqpərvərliklə yanaşırlar. Ədalətli Oyunlar Hərəkatının bütün dünyada təbliğini çox vacib hesab edirəm. Ədalətli Oyunlar Hərəkatı Olimpiya fəlsəfəsinin əsasını təşkil edir. Ümumiyyətlə, bütün idman növlərinin əsasında ədalət prinsipi dayanır. Biz bunu inkişaf etdirməli və daha çox insan arasında yaymalıyıq. Xüsusilə gənc atletlər arasında bu sahəni təbliğ etməliyik. Biz məktəblər, bağçalarda müəyyən təbliğati işlər həyata keçiririk. Gənclərə Olimpiya dəyərlərini aşılayırıq. Müəllimlərə ədalətli oyun prinsiplərini gənclərə necə aşılamağı öyrədirik. Bununla bağlı xüsusi layihələrimiz mövcuddur. Ədalətli Oyunlar Hərəkatı ilə bağlı illik toplantılarımız, mükafatlandırma mərasimlərimiz də olur.