Dünya Güləş Birliyi bu ilin sentyabrında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Qadın güləşçilərin reytinq sıralamasında Azərbaycanın 7 güləşçisinin də adı var.
Ötən ay ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanan Mariya Stadnik reytinq siyahısında ikinci yerdəki mövqeyini qoruyub. Bundan əvvəlki reytinq siyahısında 60 kiloqram çəki dərəcəsində 7-ci sırada qərarlaşan Yuliya Ratkeviç mundialda 58 kiloqram çəki dərəcəsində qazandığı bürünc medal sayəsində bu çəki dərəcəsi üzrə dördüncü olub. Dünya çempionatını beşinci sırada tamamlayan Anjela Doroqan da mövqeyini yaxşılaşdırıb. O, hazırkı siyahıda altıncı yerə yüksəlib. Onluğa düşən daha bir güləşçimiz isə İrina Netrebadır. İdmançımız 60 kiloqram çəki dərəcəsində reytinq siyahısının beşinci pilləsində qərarlaşıb.