Oktyabrın 8-də KİV nümayəndələri üçün birinci Avropa Oyunlarının idman obyektlərindən birinə - Su İdmanı Sarayına ekskursiya təşkil edilib.
İdman kompleksinin marketinq və mətbuat xidmətinin rəhbəri Aytən Hümbətova kompleks barədə jurnalistlərə geniş məlumat verib. O bildirib ki, Su İdmanı Sarayı yalnız peşəkarlar üçün nəzərdə tutulmayıb. Üzgüçülüklə məşğul olmağı sevən hər kəs buraya üz tuta bilər. İdman kompleksinin hovuzları ən müasir keyfiyyət standartlarına cavab verir. Kompleksin əsas hovuzu müxtəlif su idmanı növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Hovuzun uzunluğu 50, eni 25, dərinliyi isə 3 metr təşkil edir. Hündürlükdən tullanmalar üçün hovuzda 1, 3, 5, 7,5 və 10 metrlik 5 pilləli platforma inşa edilib. Üzgüçülüklə yeni-yeni məşğul olmağa başlayanlar isə uzunluğu 25, eni 50 metr olan 20 cığırdan ibarət hovuzdan istifadə edə bilərlər. Su İdmanı Sarayı ilə tanışlıq zamanı bildirilib ki, həftə ərzində qadınların məşq etməsi üçün xüsusi saatlar nəzərdə tutulub. 4-16 yaşlı uşaqlar üçün isə peşəkar məşqçilərin rəhbərliyi ilə qrup məşğələləri aparılır. Ümumi sahəsi 2500 kvadratmetr olan fitnes mərkəzində idmanla məşğul olmaq üçün müasir texnologiyalarla təciz olunan 8 zal fəaliyyət göstərir. Məkanın bir hissəsi isə qrup şəklində rəqs, yoqa, pilates, zumba, sayklinq məşğələlərinə ayrılıb.