"Ocaq” idman klubunun təmsilçiləri Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər.
Ülkər Hüseynova, Fatimə Əkbərova, Güllü Ağalarzadə, Məryəm Səfərova, Narın Qurbanovadan ibarət qrup hərəkətləri komandası 15 qrup arasında birinci yeri tutub. Fərdi proqramda mübarizə aparan gimnastlarımız da qrup komandasının qələbəsində ruhlanaraq Plovdiv Universitetinin idman zalında gözəl oyun nümayiş etdiriblər.
10 yaşlı Nərmin Bayramova çoxnövçülükdə və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni yaş kateqoriyasında çıxış edən Kamilla Əliyeva isə alətsiz çıxışa görə gümüş medala layiq görülüb. 8 yaşlı Alina Məmmədovanın çoxnövçülükdə çıxışı onu 9-cu edib.
Böyük yaş kateqoriyasında qüvvəsini sınayan Narın Qurbanova halqa ilə hərəkətlərdə 1-ci yeri tutub. 12 yaşlı yeniyetmə gimnastımız bu yarışda həm fərdi, həm də qrup komandasının tərkibində öz qüvvəsini sınayıb. Alətsiz çıxış isə 11 yaşlı Fəridə Şəfiyarzadəyə bürünc medal qazandırıb.
Gənc kateqoriyada çıxış edən gimnastımız Zöhrə Ağamirova (14 yaş) ip və halqa ilə hərəkətlərdə görə 2 gümüş medal əldə edib. Onun yaşıdı Ayna Cəfərova isə topla çıxışlarda 6-cı olub.
"Ocaq” klubunun təmsilçiləri Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq turnirdə "Ən yüksək artistlik bacarığı” nominasiyasında mükafata layiq görülüb. Mükafat yarış təşkilatçıları tərəfindən 11 yaşlı gimnastımız Eleonora Yusifovaya təqdim olunub