Yunanıstanın paytaxtı Afinada veteran güləşçilər arasında sərbəst güləş üzrə dünya çempionatı başa çatıb. Azərbaycan pəhləvanları sərbəst güləş yarışlarını 4 medalla - 1 qızıl, 2 gümüş və 1 bürünc başa vurublar.
85 kq çəkidə B divizionunda mübarizə aparan İslam Quliyev Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Finalda Yaponiya təmsilçisini də məğlub edən pəhləvanımız dünya çempionatının qızıl medalını qazanıb.
F divizionunda yarışan veteran güləşçimiz Abbas Məmmədov (63 kq ) yarımfinal mərhələsində Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələrək finala yüksəlib. Finalda isə daha bir rusiyalı güləşçi ilə qarşılaşan Abbas Məmmədov gümüş medala sahib olub.
69 kq çəki dərəcəsində A divizionunda mübarizə aparan Ramil İsmayılov da ABŞ və Macarıstandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Gürcüstan təmsilçisinə məğlub olan pəhləvanımız dünya çempionatını gümüş medalla tamamlayıb.
D divizionunda yarışan Rövşən İsmayılxanlı (130 kq) ilk görüşdə ABŞ təmsilçisini üstələsə də, yarımfinalda Qazaxstan pəhləvanına uduzub. Bürünc medal görüşünə çıxan pəhləvanımız Türkiyə təmsilçisinə qalib gəlib və fəxri kürsüdə yer alıb.