"XXII Qış Olimpiya Oyunlarının məşəlinin estafeti əvvəlki estafetlərdən fərqlənəcək. Biz elə bir layihə hazırlamışıq ki, onu təkrarlamaq mümkün olmayacaq. Məşəlin estafeti 123 gün davam edəcək. Bu isə, rekord deməkdir. Estafet Yunanıstanda start götürəcək və bir həftədən sonra məşəl Moskvaya gətiriləcək. Estafet 75 min km məsafəni əhatə edəcək”. Bu sözlər Soçi-2014 Qış Olimpiya Oyunları Təşkilat Komitəsinin prezidenti Dmitri Çernışenkoya məxsusdur. Onun dediyinə görə, məşəl Rusiyanın 3 min şəhərindən keçəcək. Ölkə əhalisinin təqribən 90 faizi məşəlin estafetinin canlı şahidi olacaqlar. Estafet dövründə xüsusi aksiya təşkil ediləcək. Belə ki, məşəl Avropanın ən hündür zirvəsi olan Elbrus dağına qaldırılacaq, oradan Baykal gölünün dibinə endiriləcək. Daha sonra məşəl Şimal qütbünə aparılması və hətta kosmosa qaldırılması planlaşdırılır.