XVIII Respublika Spartakiadasına start verilib

XVIII Respublika Spartakiadasına start verilib


Zenit” İdman Cəmiyyətinin Respublika Şurası ("Zenit” İC RŞ) fəaliyyətə başladığı ilk gündən etibarən bu quruma aid olan müəssisə, idarə və təşkilatlarda, bədən tərbiyəsi və idmanın təbliğinə, həmçinin təşkilinə xüsusi diqqət ayrılır. "Zenit” İC RŞ Elektroenergetika və Eektrotexnika sənayesi, Müdafiə sənayesi, Metropoliten İşçiləri, "Bakı Stil Kompanii”, Aviasiya işçiləri, Metal işçiləri, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Respublika Komitələri ilə birlikdə bir sıra idman tədbirlərini təşkil edir. Qeyd edək ki, cəmiyyətdə idmanın sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, taekvondo və sambo bölmələri fəaliyyət göstərir.
1993-cü ildən etibarən hər il ənənəvi olaraq "Zenit” İC-in xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Respublika Spartakiadası keçirilir. Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların, fəhlə və qulluqçuların asudə vaxtlarını səmərəli keçirmək, bədən tərbiyəsi və idman yarışlarını daha yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdən ibarət olub.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ənənəvi XVIII Respublika Spartakiadasına oktyabrın 12-də start verilib. "Zenit” İC XVIII Respublika Spartakiadası Təşkilat Komitəsinə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev rəhbərlik edir. Yarışların baş hakimi isə Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayevdir. Oktyabrın 24-dək davam edəcək spartakiadanın proqramında 10 idman növü - futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, qol güləşi, nərd, dama, şahmat və güllə atıcılığı yer alıb. Oktyabrın 19-da XVIII Respublika Spartakiadası çərçivəsində mini futbol yarışlarına yekun vurulub. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının komandası mini futbol turnirinin qalibi olub. 2-ci yeri Metropoliten işçiləri, 3-cü yeri isə Aviasiya işçiləri Həmkarlar İttifaqının komandası tutub.