Bədii gimnastika üzrə Kürdəmirin açıq birinciliyi keçirildi

Bədii gimnastika üzrə Kürdəmirin açıq birinciliyi keçirildi

Ölkəmizdə idmanın inkişafı xüsusi dövlət qayğısı ilə əhatə olunub. Bütün idman növləri özünün inkişaf dövrünü yaşayır. Respublikamızda populyarlığı ilə seçilən, uşaq və gənclər tərəfindən sevilən idman növlərindən biri də gimnastikadır. Son vaxtlar bu idman növü, sözün əsl mənasında, kütləvi xarakter alıb. Bakıda eləcə də bölgələrdə fəaliyyət göstərən idman zallarında gimnastikaya maraq xeyli artıb.
Digər idman növlərində olduğu kimi, gimnastika idman növünə də ölkəmizdə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu sahənin inkişafı üçün, hərtərəfli şərait yaradılır, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilir. Gimnastlarımız mötəbər yarışlarda iştirak edir, uğurlu nəticələr qazanırlar. Paytaxtımızda bu növ üzrə beynəlxalq yarışlar təşkil olunur. İndiyədək respublikamızda 3 dəfə Avropa çempionatı, bir dəfə dünya çempionatı, həmçinin Dünya kubokunun mərhələ yarışları keçirilib. Müasir tələblərə cavab verən Milli Gimnastika Arenası istifadəyə verildikdən sonra gimnastika növü ilə məşğul olanların sayı daha da artıb. Burada gimnastikanın bütün növlərində məşq etmələri üçün yüksək səviyyəli şərait yaradılıb. Bu qayğının nəticəsidir ki, uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artıb, gimnastika böyük populyarlıq qazanıb. Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər AGF-in dəstəyi ilə Sumqayıt, Naxçıvan, Şırvan, Balakən, Kürdəmir, İsmayıllı, Ağdaş, Gəncə, Xırdalan, Qusar, Göyçay və İsmayıllıda gimnastika bölmələri istifadəyə verilib. Gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda, Bakı ətrafı qəsəbələrdə və bölgələrdə inşa olunan Olimpiya idman komplekslərində də keçirilir. Məhz bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onların müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir. 2014-cü ildə AGF tarixində ilk dəfə keçirilən "Bölgələrarası kubok”da 13 klubun nümayəndəsi mübarizə aparıb. Onların arasında paytaxt gimnastları ilə yanaşı, Göyçay, Kürdəmir, Qusar, Sumqayıt və Xırdalan təmsilçiləri yer alıblar. Bunun nəticəsində bölgələrdə ehtiyat qüvvə yaranır. Məhz bölgələrdə yetişən perspektivli gimnastlar nə vaxtsa yığma komandada öz yerlərini tuturlar.

Bugünlərdə bölgə yarışlardan biri məhz Kürdəmirdə təşkil olundu. Bölgə idmanının inkişafını xüsusi diqqətdə saxlayan "Olimpiya dünyası” qəzetinin əməkdaşı da yarışları işıqlandırmaq üçün adıçəkilən rayona ezam olunmuşdu. Oktyabrın 18-də Kürdəmir Olimpiya Kompleksində keçirilən bədii gimnastika üzrə açıq birincilikdə 120 gimnast və 7 qrup komandası qüvvəsini sınadı. Birincilikdə Sərhədçi İOM, "START”, Respublika Kompleks İdman Məktəbi, Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Baki Gimnastika Məktəbi, İsmayıllı, Şirvan, Göyçay, Sumqayıt və Kürdəmir Olimpiya İdman Kompleksinin gimnastları çıxış edirdilər. Yarışın təşkilində əsas məqsəd region idmançıları arasında bu idman növünə həvəsi artırmaq, perspektivli və istedadlı gimnastları üzə çıxarmaq idi. Yarışın açılış mərasimində Kürdəmir rayon gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşıyev, Kürdəmir Olimpiya Kompleksinin direktoru Namiq Tarverdiyev, Kürdəmir rayon gimnastika bölməsinin məşqçisi, beynəlxalq dərəcəli hakim Alfiya Mantova iştirak edirdilər. Tədbirdə çıxış edən Qalib Baxşıyev ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açdı. O, respublikamızda digər idman növləri ilə yanaşı, gimnastikanın yüksək səviyyədə inkişaf etdiyini bildirdi. O paytaxtla yanaşı, regionlarda da bu növün inkişafına diqqət yetirildiyini, bədii gimnastikanın Kürdəmirdə sevilən və populyar idman növlərindən olduğunu diqqətə çatdırdı. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olundu. Əvvəlcə 2007-2009-cu illər təvəllüdlü gimnastlar alətsiz çıxışlar nümayiş etdirdilər. 2001-2006-cı illər təvəllüdlü gimnastların fərdi növlərdə ip, halqa, gürz və topla çıxışları da maraqla qarşılandı. 2005-2007-ci illər təvəllüdlü gimnastlardan ibarət qrup komandalarının alətsiz və topla çıxışında birinci yeri "Sərhədçi”İOM, ikinci yeri "Start”, üçüncü yeri "Start”-Sumqayıt komandası tutdu. Ümumi hesabda regionlar arasında birinci pillədə Kürdəmir komandası qərarlaşdı. İkinci yerdə Sumqayıt, üçüncü pillədə isə İsmayıllı idmançıları yer aldılar. Paytaxt klubları arasında "Start” birinci, "Sərhədçi” İOM ikinci, RKİM isə üçüncü oldu. Yarışlar paytaxt və Kürdəmir gimnastlarının ifasında maraqlı və rəngarəng nümayiş proqramı ilə yekunlaşdı.

Birincilik başa çatdıqdan sonra bədii gimnastika üzrə Kürdəmir rayon komandasının baş məşqçisi, beynəlxalq dərəcəli hakim Alfiya Mantova yarışla bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdü.
- Kürdəmirin açıq birinciliyi uğurla yekunlaşdı. Hakimlərimiz öz işlərinin öhdəsindən layiqincə gəldilər. Xatırladım ki, bundan əvvəl may ayında burada paytaxt klubları və regionlar arasında yarış keçirilmişdi. Həmin yarışda 60 gimnast çıxış etmişdi. Ötən yarışla müqayisədə budəfəki yarışda idmançıların sayı 120-ə yüksəlib. Bu onu göstərir ki, bölgələrdə gimnastikaya maraq günü-gündən artmaqdadır. Kürdəmir komandası ilə yanaşı, paytaxtın "Start” idman klubunun məşqçisi kimi fəaliyyət göstərirəm. Bu yarışda fəallıq göstərən yetirmələrimdən 2009-cu il təvəllüdlü Aylin Quliyevanın adını qeyd edə bilərəm. Aylin Gürcüstanda keçirilən yarışda ikinci pillədə qərarlaşdı. 2005-ci il təvəllüdlü Nazlı Hacıyeva isə "Regionlar kuboku” yarışında 4-cü pillədə qərarlaşmışdı. Qarşıda bizi noyabrın 13-16-da keçiriləcək Bakı birinciliyi gözləyir. Bu yarışda yetirmələrimdən 5-i fərdi növlərdə və 2 heyətdə qrup komandamız çıxış edəcək. Gimnastlar dekabrda isə Azərbaycan çempionatı və "Bölgələrarası kubok” yarışında çıxış edəcəklər. Ölkə çempionatında da yetirmələrimdən layiqli çıxış, ən azı, onların ilk onluğa daxil olmalarını gözləyirəm. Bundan başqa Şirvan, Gəncə, Sumqayıtda keçiriləcək yarışlara dəvət almışıq. Gələn il Gürcüstanda yenidən çıxış etməyi planlaşdırırıq. Bu cür yarışlarda iştirak yeniyetmə və gənclərimizə əlavə stimul verir, onların təcrübəsini artırır və bölmələrə axını gücləndirir. Qeyd edim ki, Kürdəmir komandasında hazırda 27 idmançı məşğul olur ki, onlardan 12-si yarışlarda iştirak edir. İnanıram ki, yetirmələrim gələcəkdə daha böyük yarışlarda uğur qazanacaqlar.




Aysel Sultanova
Bakı-Kürdəmir-Bakı