Çövkən atüstü milli oyunu üzrə Azərbaycan çempionatı başlayıb

Çövkən atüstü milli oyunu üzrə Azərbaycan çempionatı başlayıb


Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimovun da iştirak etdiyi tədbirin əvvəlində milli geyimli qızlar və oğlanlar at belində meydana daxil olub, nümunəvi çıxışlar nümayiş etdiriblər. Daha sonra iştirakçılara dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindəki atlarla bağlı mövzudan bədii hissə təqdim olunub və Qarabağ atları barədə videoçarx göstərilib. Milli geyimli çaparların Azərbaycan Respublikasının dövlət bayrağını meydana gətirdikdən sonra iştirakçı komandaların paradı keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Respublikamızın dünyada güclü idman ölkəsi kimi tanınmasından və ölkəmizin uğurla ev sahibliyi etidiyi ilk Avropa Oyunlarından söz açıb. Prezident İlham Əliyevin atçılıq idman növünün daim diqqət mərkəzində saxladığını vurğulayan Elçin Quliyev "Qarabağ” və "Dilbaz” milli at cinslərinin qorunması ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların əhəmiyyətini xüsusi qeyd edib. Federasiya rəsmisi 2015-ci ilin sentyabr ayında Bakıda arena polo üzrə birinci Avropa çempionatında milli komandamızın qələbəsinin Azərbaycan atçılığına göstərilən diqqət və qayğının nəticəsi olduğunu bildirib. Elçin Quliyev Prezident İlham Əliyevin yığmamızın üzvlərini və Federasiya rəhbərliyini qəbul etməsini və qələbəni yüksək qiymətləndirməsini idmançılarımızı daha da ruhlandırdığını vurğulayıb.
ARAF prezidenti qeyd edib ki, çövkən oyununun Azərbaycanda yaranması və inkişaf etməsi bir çox mənbələrdə əksini tapıb. Bu oyun barədə "Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvinin əsərlərində ətraflı məlumat verilir. Həmçinin dünyada geniş yayılmış və böyük populyarlıq qazanmış polo oyununun da tarixi köklərinin Azərbaycana aid olması artıq xarici həmkarlar tərəfindən qəbul edilir. Elçin Quliyev diqqətə çatdırıb ki, 2013-cü ilin dekabrında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən çövkən Azərbaycanın ənənəvi Qarabağ atüstü oyununun "Təcili qorunmaya ehtiyac olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib. Təbii ki, bunu Azərbaycan atçılığının qədim köklərini bütün dünyaya nümayiş etdirmək üçün yaxşı bir şans kimi qiymətləndirmək olar. Federasiya prezidenti bu ilin mayında UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə çövkən oyununa aid sərginin təşkili, məşhur fransız yazıçı və eksperti Jan-Lui Quronun müəllifi olduğu "Qarabağ atı” kitabının təqdimatı Azərbaycan atçılığın təbliğinə mühüm töhfə verdiyini diqqtə çatdırıb. Elçin Quliyev qeyd edib ki, Azərbaycan atçılığının təbliği istiqamətində ARAF-ın Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri ilə birgə mühüm tədbirlər həyata keçirilir. Hazırda əsas məqsədin təmiz qanlı Qarabağ atlarının sayının artırılması, idmanın bu növünün kütləviliyinin təmin olunması oludğunu deyən Elçin Quliyev çıxışının sonunda komandalara uğurlar arzulayıb və dördüncü Azərbaycan çempionatını açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra oyunlara start verilib. Çempionatda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən 24 komanda qalib adı uğrunda mübarizə aparır. Ümumi mükafat fondu 50 min manat olan çempionatın keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir. Yarışların ilk günündə sentyabrda Bakıda təşkil olunan arena polo üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan millisi ölkəmizin çövkən yığması ilə qarşılaşıb. Gərgin mübarizənin sonunda görüş 1:1 hesabı ilə başa çatıb. Sonra çempionatın play-off qarşılaşmalarına start verilib. Bütün gücü ilə yarışa qoşulan "Batabat” komandası rəqibi "Qəbələ-Vəndam”ı 11:0 hesabı ilə məğlub edib. "Yevlax” kollektivi isə "Göygöl”ü 9:0 hesabı ilə üstələyib. Digər qarşılaşma "Qəbələ” və "Arzu” komandaları arasında olub. Görüşdə "Qəbələ” rəqibinə 3:1 hesabı ilə qalib gəlib. "Şamaxı” kollektivinə isə yarışa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla da, "Şamaxı”nın rəqibi "Bərdə” isə növbəti mərhələyə çıxıb.
Yarışların növbəti günündə isə çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının pley-off mərhələsinə yekun vurulub. Oyunlar çərçivəsində "Balakən” komandası "Zaqatala”dan 9:0 hesabı ilə üstün olub. "Salyan” kollektivi "Qazax”a 2:0 hesabı ilə qalib gəlib. "Oğuz” isə "İsmayıllı”nı 3:0 hesabı ilə məğlub edib. "Şuşa” komandası da "Şamaxı”nın taleyini təkrarlayıb. Belə ki, yarışa gəlməyən "Şuşa”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Onun rəqibi "Qax” isə növbəti mərhələyə çıxıb.
1/8 mərhələdə "Ağcabədi”, "Ağstafa”, "Sərhədçi”, "Laçın”, "Qarabağ”, "Köhlən”, "Polad” və "Şəki” komandaları qələbə qazanıblar. Növbəti mərhələdə "Ağcabədi” - "Sərhədçi”, "Laçın” - "Ağstafa”, "Köhlən” - "Qarabağ” Ağdam və "Polad” - "Şəki” qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, oktyabrın 21-də dörddəbir, 22-də isə yarımfinal qarşılaşmaları oynanılacaq. Oktyabrın 24-də isə üçüncü yer uğrunda oyun və final görüşü keçiriləcək.