Yeniyetmə və gənc güləşçilər arasında Respublika turniri keçiriləcək

Yeniyetmə və gənc güləşçilər arasında Respublika turniri keçiriləcək



Oktyabrın 26-28-də Bakı İdman Sarayında Helsinki-1992 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi, oktyabrın 29-30-da isə gənclər arasında "Hünər meydanı” Respublika seçim turniri keçiriləcək.
Yeniyetmələrin yarışında 1999-2000-ci il, gənclərin yarışında isə 1996-1998-ci il təvəllüdlü güləşçilər mübarizə aparacaqlar. Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəliklərində artıq Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirinin seçim yarışları keçirilib. Seçim yarışlarında sərbəst güləş üzrə 689, yunan-Roma güləşi üzrə 535 yeniyetmə güləşçi yarışlarda iştirak edib. Turnirin final mərhələsində AGF-nin 8 nümayəndəliyindən seçilən 170 nəfər sərbəst güləş və 160 nəfər isə yunan-Roma güləşində mübarizə aparacaq.
Yarışlarda mükafatalayiq yer tutan idmançılar medal və diplomlarla təltif olunacaq, həmçinin onlara pul mükafatı təqdim ediləcək. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Yarışların proqramına əsasən, turnirin rəsmi açılış mərasimi oktyabrın 26-da, saat 17:00-da gerçəkləşəcək.

Yarışlar hər gün saat 10:00-da başlayacaq. Azarkeşlərin arenaya girişi sərbəstdir.