“Neftçi İdman Klubu” zəngin idman ənənələrinə malikdir

“Neftçi İdman Klubu” zəngin idman ənənələrinə malikdir

Ölkəmizdə idman və Olimpiya Hərəkatı geniş vüsət alıb və Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Əhalinin sağlamlığı, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, onların fiziki və mənəvi sağlamlığının təmin edilməsi məqsədilə ölkəmizdə lazımi şərait yaradılıb. Paytaxtda və regionlarda tikilib istifadəyə verilən müasir tipli Olimpiya idman kompleksləri, idman zalları və stadionlar hər bir Azərbaycan vətəndaşının sağlamlığına xidmət edir. Ölkəmizin güclü idman potensialına və maddi-texniki bazaya malik olması, təmsilçilərimizin dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə etdiyi misilsiz qələbələri Azərbaycanı idman yarışlarının mərkəzinə çevirmişdir. Təbii ki, ölkəmizin Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman və Olimpiya Hərəkatı sahəsində apardığı məqsədyönlü və uzaqgörən dövlət siyasətinin nəticəsidir. Bu ilin yayında Bakının tarixdə ilk dəfə Avropa Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi ölkəmizin uğurlu idman siyasətinin parlaq təzahürü idi. Sevindirici haldır ki, ölkəmiz Bakı-2015 Avropa Oyunlarına uğurlu ev sahibliyi etməklə yanaşı, yarışları da yüksək nailiyyətlərlə başa vurdu. Azərbaycan Avropanın güclü idman dövlətlərini qabaqlayaraq 56 (21 qızıl, 15 gümüş və 20 bürünc) medalla yalnız Rusiyadan geri qaldı. "Neftçi İdman Klubu”nun yetirmələri bu yarışlarda 16 medal əldə etdilər ki, onun 6-sı qızıl, 5-i gümüş, 5- isə bürünc idi.

Vaxtilə bu klubda əfsanəvi idmançılar məşğul olublar
Bu idman qurumu ölkənin idman və Olimpiya Hərəkatının inkişafında, bədən tərbiyəsi, sağlam həyat tərzinin təbliğində müəyyən uğurlar qazanan zəngin ənənəyə malik cəmiyyətlərdən biridir. "Neftçi İdman Klubu” idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir. Təsadüfi deyildir ki, ölkə idmanında özünəməxsus yeri olan məşhur futbolçular Anatoli Banişevski, Ələkbər Məmmədov, əfsanəvi voleybolçu İnna Riskal, tanınmış güləşçi Arif Niftullayev, qılıncoynadan Süleyman Nəbiyev, boksçu Ağacan Abiyev, tennisçi Sergey Lixaçov, yüngül atlet Fərziyyə İsmayılova məhz "Neftçi”nin yetirmələridir. Mərkəzin təmsilçiləri həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində idmanda ən yüksək zirvələri fəth etməyi bacarıblar. Azərbaycanın Olimpiya Oyunları tarixində qazandığı uğurlarda, əldə etdiyi yüksək nəticələrdə "Neftçi” idmançılarının da öz payı vardır. Belə ki, atlet Yuri Konovalov, beşnövçü Viktor Mineyev, voleybolçular İnna Riskal və Vera Lantratova, sərbəst güləşçilər Namiq Abdullayev, Toğrul Əsgərov, yunan-Roma güləşçiləri Fərid Mənsurov, Rövşən Bayramov və Vitali Rəhimov, güllə atıcısı İradə Aşumova, cüdoçular Elnur Məmmədli və Mövlud Mirəliyev, paralimpiya oyunlarının qəhrəmanları Gündüz İsmayılov, İlham Zəkiyev, Oleq Panyutin, Oluxan Musayev, Zeynəddin Bilalov və Yelena Taranova müxtəlif illərdə Olimpiya Oyunlarının qalib və mükafatçıları olublar.

"Neftçi İdman Klubu”
ölkədə idman və bədən tərbiyəsinin inkişafı
istiqamətində mühüm
tədbirlər həyata keçirir
"Neftçi İdman Klubu”nun ölkədə idman və bədən tərbiyəsinin təbliği və inkişafı, sağlam həyat tərzinin təmin edilməsi istiqamətində gördüyü məqsədyönlü tədbirlərdən biri də müxtəlif idman növləri üzrə neft, qaz və kimya sənayesi işçiləri arasında yarışların təşkil edilməsidir. Peşəkar idmançıların yetişdirilməsi işində də zəngin təcrübəyə malik olan klub Azərbaycan idmanına öz töhfəsini verməkdə davam edir. "Neftçi İdman Klubu”nun təmsilçiləri Avropa, dünya çempionatlarında, beynəlxalq səviyyəli turnirlərdə yüksək nəticələr əldə edirlər. Belə ki, idmançılarımız bu ilin səkkiz ayında dünya çempionatında 61 (27 qızıl, 16 gümüş və 18 bürünc), Avropa çempionatında isə 74 (29 qızıl, 8 gümüş və 37 bürünc) medal qazanıblar. Müxtəlif beynəlxalq turnirlərdə isə təmsilçilərimiz 164 medal (64 qızıl, 45 gümüş və 55 bürünc) əldə ediblər.
"Neftçi İdman Klubu”nun 2015-ci ilin səkkiz ayı ərzində görülən işlərə nəzər salsaq görərik ki, klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 36 növü üzrə 171 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 700-ə qədər neftçi idman tədbirlərində və yarışlarda fəal iştirak edib. Bundan başqa, klubun SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilər və onların ailə üzvləri arasında idmanın kütləviliyini təmin etmək məqsədi ilə mini futbol, voleybol, stolüstü tennis, səmti müəyyən etmə və "Atam, anam və mən” adı altında təşkil etdiyi yarışlarda ümumilikdə 400-ə yaxın neftçi öz qüvvə və bacarığını sınayıb.

Klubun yetirmələri Avropa, dünya və Olimpiya çempionlarıdır
Yuxarıda qeyd etdiyimiz kimi, "Neftçi İdman Klubu” böyük idmanda böyük uğurlar qazanan peşəkar atletlərin hazırlanması istiqamətində yüksək əzmkarlıq nümayiş etdirir. Klubun yetirmələri müstəqillik illərində iştirak etdikləri Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarından həmişə ölkəmizə medallarla qayıdıblar. Dörd ildən bir keçirilən mötəbər idman tədbiri ilə bərabər, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı yüksəklərə qaldırırlar. Təsadüfi deyil ki, təkcə bu ilin səkkiz ayı ərzində "Neftçi İdman Klubu”nun idmançıları 1179 medal qazanıblar ki, onlardan da 466-sı qızıl, 307-si gümüş, 406-sı isə bürüncdür.
Bu il iyunun 12-dən 28-dək davam edən Bakı-2015 Birinci Avropa Oyunlarında klubumuz 79 idmançı ilə təmsil olunurdu. Böyük qürur hissi ilə qeyd etməliyik ki, I Avropa Oyunlarında Azərbaycan yığmasının qazandığı 56 medaldan 16-sı (6 qızıl, 5 gümüş və 5 bürünc) "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. Yarışların qızıl medallarına Rəsul Çunayev, Elvin Mürsəliyev və Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (cüdo, paralimpiya) sahib oldular. Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (cüdo, paralimpiya) gümüş, Hacı Əliyev, Elman Muxtarov, Həsən Əliyev, (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (cüdo, paralimpiya) isə bürünc medal qazandılar.
Klubda təkmübarizlik idman növləri ilə yanaşı, kollektiv oyun növlərində də yüksək nailiyyətlər əldə olunub. Belə ki, yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol komandası ölkə çempionu tituluna layiq görülmüş, futzal komandamız sonuncu Azərbaycan çempionatında 4-cü yerə çıxmışdır. Bundan başqa, futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən "Qaradağ Lökbatan” komandası çempionatı 4-cü yerdə tamamlayıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhəri üzrə klub komanda birinciliyində bütün yaş qruplarında təmsil olunan "Neftçi İdman Klubu”nun 1999-cu il təvəllüdlülərdən ibarət komandası paytaxt birinciliyinin qalibi olub. Klubun təmsilçiləri müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi "Sabahın ulduzları” paytaxt çempionatında uğurla çıxış edirlər.
"Neftçi İdman Klubu” Gənclər və İdman Nazirliyi tərəfindən 2007-2013-cü illərdə ardıcıl olaraq 7 dəfə "İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Təbii ki, bu uğurların əldə olunmasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğının böyük rolu vardır. Belə ki, rəhbərlik tərəfindən burada idmançılar, onların vaxtlı-vaxtında məşq etmələri, beynəlxalq yarışlarda özünü sınamaları üçün hər cür şərait yaradılmışdır. O, "Neftçi İdman Klubu”nun Bakı-2015 birinci Avropa Oyunlarında medal qazanan idmançıları və onların məşqçiləri ilə görüş keçirdi. Qazanılan böyük uğur münasibətilə klubun təmsilçilərini təbrik edən şirkət rəhbəri onları pul və xatirə hədiyyələri ilə mükafatlandırdı.

Sadıq Sadıqov,
"Neftçi İdman Klubu” İctimai Birliyi
idarəetmə aparatının rəhbəri,
MOK-un İcraiyyə Komitəsinin üzvü,
əməkdar bədən tərbiyəsi və idman xadimi