Analarını çox sevən idmançılar

Analarını çox sevən idmançılar
Onların arasında analarının sözündən çıxmadıqları üçün
100 milyon dollardan məhrum olanlar da var

Ana hər birimiz üçün müqəddəs varlıqdır və biz onu çox sevirik. Çünki bizi dünyaya gətirən, böyüdüb tərbiyə edən, daim qayğımızı çəkən, həyat yollarında bizə düzgün addımlamağı öyrədən məhz döğma anamızdır. Dünyanın məşhur idmançıları arasında da anasını hər kəsdən çox sevən, onun bir sözünü iki eləməyən insanlar az deyil. İlk görünüşdə sərt, zəhmli, möhkəm əzələyə malik məşhurlar əslində müqəddəs varlıq olan ananın qarşısında uşaq kimi müti və itəatkar olurlar. "Olimpiya dünyası” onların bəziləri ilə sizi tanış edəcək.

"Ancaq bir şərtlə”
Kliçko qardaşları
Ukraynalı Kliçko qardaşlarını tanımayan yoxdur. Boks aləmində kifayət qədər uğurlara imza atan bu qardaşlar analarını həddindən artıq çox sevirlər. Uşaqkən anası onlara sevdikləri işlə, yəni boksla məşğul olmağa ancaq bir şərtlə icazə verirdi ki, onlar bir-biri ilə heç vaxt döyüşməsinlər. Həm Vitali, həm də Vladimir həmişə analarının bu nəsihətini sırğa edib qulaqlarından asıblar, bir sözlə, analarının sözündən çıxmayıblar. Promouter Don Kinqin Las-Veqasda Kliçko qardaşları arasında döyüş təklifindən imtina etmələrinə səbəb elə bu olub. Analarının sözündən çıxmadıqları üçün 100 milyon dollardan məhrum olublar.
"Bizə dəfələrlə eyni rinqdə rəqib kimi döyüşmək üçün müraciət edənlər olub. Ancaq biz anamıza söz vermişik və onun sözündən çıxa bilmərik. Hətta bunun üçün bizə milyardlar versələr belə. Pul hər şey demək deyil. Bəzi insanlar bunu anlamırlar. Onlar elə bilirlər ki, hər şeyi pulla əldə etmək mümkündür. Ancaq bu belə deyil. Biz iki qardaş olaraq heç vaxt döyüşməyəcəyik”, - deyə Vladimir Kliçko bildirib.



""Mənə həyat verən əziz varlığa sevgimi heç cür izah edə bilmirəm”
Frenk Lempard
Tanınmış ingiltərəli futbolçu , Londonun "Çelsi” klubunun keçmiş yarımmüdafiəçisi Frenk Lempardın da anasına çox bağlı olanlar siyahısında yer alan idmançılardandır. Frenk Lempard anası 2008-ci ildə vəfat edənə kimi onun məsləhətlərinə qulaq asıb, gördüyü hər bir işdə ondan məsləhət alıb. Tanınmış futbolçu Kliçko qardaşları kimi anasına bağlı olduğunu heç kimdən gizli saxlamır: "Nə deyim, "ana uşağı” olduğumu gizlətmirəm. Ömrüm boyu anama bağlı olmuşam. Mənə həyat verən əziz varlığa sevgimi heç cür izah edə bilmirəm. Anamın həyatdan köçməsi mənə böyük zərbə oldu. Həyat yoldaşım əvvəllər mənə "ana uşağı”deyərək gülürdü. Çünki mən ailə həyatı qurandan sonra da bir az nasazlayan, xəstələnən kimi o dəqiqə anamı çağırardım. Sonra gözəl anam məni tərk etdi və mənim üçün həyat rəngini itirdi. Onun itkisinə hələ də alışa bilmirəm. Anamsız çox çətindir”, -deyə futbolçu bildirib.

Anasını sevgilisindən üstün tutdu
Kriştianu Ronaldu
Məşhur futbolçu, 3 dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldu da anasını çox sevir. Portuqaliya mediasının yazdığına görə, Ronaldunun top model İrina Şeykdən ayrılmasınə məhz onun anası Kristi Dolores səbəb olub. Dolores İrinanın oğlu ilə tanışlığın ilk günlərindən ondan xoşlanmayıb. Hətta onlar Ronaldonun oyununu izləyərkən tribunada başqa-başqa lojalarda otururdular. Onların münasibətləri o qədər soyuq idi ki, hətta bir dəfə İrina Madeyrada olarkən Ronaldunun öz evində deyil, oteldə qalmalı olmuşdu.
Cütlüyün ayrılmasına səbəb olan məlum hadisə isə 2014-cü il dekabr ayının 31-də Birləşmiş Ərəb Əmirliyində baş verib. Ronaldu anasının 60 illik yubileyini qeyd etmək üçün ona sürpriz olaraq burada ziyafət təşkil etmişdi. İrina isə həmin şənlikdə iştirak etməkdən boyun qaçırıb. Sevgilisinin bu hərəkəti Ronaldunu əsəbləşdirərək özündən çıxarıb. Məhz bu hadisə portuqaliyalı futbolçu və rusiyalı modelin beş illik sevgi münasibətlərinə son qoymaq üçün bəs etmişdi.

"Məşqçinin arzusu ürəyində qaldı”
Murat Yakin
Türkiyəli məşqçi Murat Yakinin anası Emine Yakina oğlunu təkbaşına böyüdüb. Eminə xanım yeganə övladını futbola cəlb edib və həmişə, hər yerdə, hətta məşqlərdə belə onun yanında olub. İş o həddə çatıb ki, "Bazel” komandasının məşqçisi Emine Yakinaya buna görə qadağa qoymaq istəyib. Baxmayaraq ki, Murat Yakin peşəkar futbolçu idi, amma yenə anası həmişə məşqlərdə onu müşayiət edirdi. Məşqçinin bütün cəhdlərinə baxmayaraq anasını oğlunu heç vaxt tək qoymayıb. Hazırda Murat futbolçu karyerasının baş məşqçi kimi davam etdirir və məşqlərdə kimin iştirak edib-etməyəcəyinə də özü qərar verir. Bu, onun anasını çox sevindirir. Çünki ürəyi istədiyi vaxt oğlunu görə, izləyə bilir.

"Onlar mənim ailə komandamdır”
Aleksandr Oveçkin
Aleksandr Oveçkini tanıyanlar onun həyatında anasının böyük önəm daşıdığını bilirlər. Məşhur rusiyalı hokkey ustası indi də anasından ayrı qala bilmir. Aleksandrın anası Tatyana Oveçkina tanınmış basketbolçu və məşqçidir. O, karyerasında 1976-cı ildə Monrealda keçirilən yay Olimpiya oyunlarında və Moskva-1980 Olimpiadasında basketbol üzrə SSRİ qadın yığmasının heyətində uğurlar qazanıb. Oveçkina istəkli oğlunu nə qədər çalışsa da, basketbol idman növünə cəlb edə bilməyib. Əvəzində Aleksandr hokkeyə üstünlük verib və ana da sonunda bununla razılaşıb. Bu idman növündə ilk addımlarını anasının dəstəyi ilə atan tanınmış idmançı anasına həmişə minnətdardır və həmişə valideynlərindən məsləhət alır. "Mən indi də valideyinlərimdən məsləhət alıram. Çünki ana, ata, bacı və qardaş insanın ən yaxın dostlarıdır. Hər şeyi məsləhətlə etmək lazımdır. Necə ki, komandada bunu edirik. Onlar da mənim ailə komandamdır. Yaxşı yadımdadır, 14-15 yaşım olardı və mən 200 dollar olan ilk məvacibimi gətirib anama verdim. Dedim ki, özünə xərclə”.

Leyla