İdman gimnastikası komandamız sınaq turnirində iştirak etmək hüququ qazanıb

İdman gimnastikası komandamız sınaq turnirində iştirak etmək hüququ qazanıb



Böyük Britaniyanın Qlazqo şəhərində Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya verən idman gimnastikası üzrə dünya çempionatı keçirilir. Çempionatda Azərbaycan gimnastları da çıxış edirlər.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının ardınca qadın idman gimnastikası üzrə yığma komandamız Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya verən sınaq turnirində iştirak etmək hüququ qazanıb. Gələn ilin aprelində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək turnirdə komandamız 1 gimnastla təmsil olunacaq.
Bu hüququ ölkəmizə çoxnövçülük yarışlarında qüvvəsini sınayan Marina Nekrasova qazandırıb. Gimnastımız uğurla çıxış edərək hakimlərdən 50.932 xal alıb. Digər gimnastımız Mariya Smirnova 4 çıxışın cəmində 50.032, Yuliya İnşina isə 49.399 xal toplayıb.
Xatırladaq ki, Azərbaycan komandası ötən ilki dünya çempionatının nəticələrinə əsasən ən yaxşı 24 komanda sırasına daxil olmadığından, komanda yarışlarında iştirak etmək hüququna malik deyil. İndiki çempionatda isə fərdi yarışlarda olimpiadaya lisenziya qazanmaq üçün isə dörd alət üzrə yarışlarda 3 ən güclü gimnastın sırasına daxil olmaq lazım gəlirdi.
Qadın idman gimnastlarımız üçün olimpiadaya lisenziya əldə etmək üçün ikinci şans gələn ilin aprel ayında Rio-de-Janeyroda keçiriləcək test turniri olacaq. Test turnirində Qlazqoda keçirilən dünya çempionatında 17-24-cü yerlərdə qərarlaşmış komandalar test turnirində 2 gimnastla iştirak edə bilər. Nəticələrə görə ilk 24-lükdə yer alan komandalar 1 gimnastla təmsil olunacaq. Test turnirində ümumilikdə qadın idman gimnastikası üzrə 40 idmançı qüvvəsini sınayacaq və onlardan ən yaxşı göstərə bilən 24 həfər olimpiadaya lisenziya qazanacaq.
Dünya çempionatının ilkin nəticələrinə əsasən, komanda birinciliyində ABŞ, Rusiya və Böyük Britaniya ilk üçlükdə yer alıb. Finala qədər mübarizədə Çin, Kanada, İtaliya və Hollandiya komandaları səkkizliyə daxil olub.