Böyük Britaniyanın Qlazqo şəhərində idman gimnastikası üzrə dünya çempionatı keçirilir.
Azərbaycan təmsilçiləri Oleq Stepko və Petro Paxnyuk oktyabrın 30-da 24 ən güclü gimnastın iştirak edəcəyi çoxnövçülük üzrə final yarışlarından kənarda qalıblar. Lakin I Avropa Oyunlarının çempionu Oleq Stepko çoxnövçülük üzrə təsnifat yarışlarında topladığı xallara görə Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya verən test turnirində iştirak etmək hüququ qazanıb. İdmançımızın parallel qollarda əldə etdiyi nəticəsi (15.7 xal) isə ona noyabrın 1-də həmin alət üzrə keçiriləcək finalda iştirak etmək imkanı verib.
Xatırladaq ki, Rio-2016 Olimpiya Oyunlarına təsnifat qaydalarına əsasən, dünya çempionatında ilk 24 yeri tutan gimnastlar gələn ilin aprel ayında olimpiadaya lisenziya verən sınaq turnirində iştirak etmək üçün Rio-de-Janeyro şəhərinə yollanacaqlar.
Qeyd edək ki, Qlazqoda keçirilən dünya çempionatı maraqlı hadisələrlə yadda qalıb. Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytının verdiyi xəbərə görə, London-2012 Olimpiadasının çempionları Epke Zonderland (Hollandiya), Artur Zanetti (Braziliya) və üçqat dünya çempionu Kristian Berke (Macarıstan) builki dünya çempionatında özlərini doğrulda bilməyiblər və Rio-2016 Olimpiadasından kənarda qalıblar.