Rəşid Məmmədbəyovun xatirə turnirində qaliblər müəyyənləşib

Rəşid Məmmədbəyovun xatirə turnirində qaliblər müəyyənləşib




Bakı İdman Sarayında Helsinki-1952 Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi keçirilib. Bu ənənəvi turnirin keçirilməsində məqsəd Rəşid Məmmədbəyovun xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında güləşin inkişafına və kütləviliyinə nail olmaqdır.
Yarışların ilk günündə yunan-Roma güləşi üzrə müxtəlif çəki dərəcələrində 120 yeniyetmə pəhləvan mübarizə aparıb. Nəticələrə əsasən, Omid Arami (İran), Fail İsgəndərov (Cəngi GK), Poya Dad Marz (İran), Məhəmməd Mehdiyev (Şəmkir), Mohammedreza Moxtari (İran), Ramin Cəfərov (Neftçi İK) fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar.
Yarışların ikinci günündə keçirilən yunan-Roma və sərbəst güləş yarışlarında 123 yeniyetmə pəhləvan mükafat uğrunda mübarizə aparıb. Yunan-Roma güləşi üzrə Ülvi Qənizadə (Neftçi İK), Hosein Forouzandeh (İran), Hasan Forouzandeh (İran), Tehran Əminov (Gömrükçü İSM), sərbəst güləş üzrə Əlmuxtar Abbasov (Azəri İK), Əşrəf Aşurov (Qazax), Turan Bayramov (Gəncə, Təhsil İC) adlarını qaliblər siyahısına yazdırıblar.
Yarışların son günündə sərbəst güləş üzrə 134 pəhləvanın iştirakıyla keçən gərgin qarşılaşma Maqomedhacı Kasumov (Rusiya), Vahid Əlizadə (Neftçi İK), Davud İbrahimov (Rusiya), Şamil Xiriyev (Rusiya), Emin Nəcəfzadə (Neftçi İK), Əhliman Quliyev (Gəncə, Neftçi İK), Əli Əminovun (Gömrükçü İSM) çempionluğu ilə nəticələnib.