Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə ilin son dünya kuboku mərhələsi başa çatıb.
150-yə yaxın idmançının iştirak etdiyi yarışda ölkəmiz batut gimnastikası üzrə yarışlarda kişi və qadınlar arasında fərdi və sinxron çıxışlarda təmsil olunub. Ən yaxşı nəticəni təmsilçimiz İlya Qrişunun göstərib. O, kişilər arasında fərdi çıxışlar üzrə finalda bürünc medalın bir addımlığında dayanıb. Svetlana Makştarova isə qadınların yarışlarında ilk 8-likdə qərar tutub.
Azərbaycanın kişi və qadın cütlüyü sinxron çıxışların finalında iştirak edib. Nəticədə İlya Qrişunin və Oleq Piunovdan ibarət kişi cütlüyü 6-cı, qadın cütlüyü – Svetlana Makştarova və Sabina Zaytseva isə 7-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, dünya kuboku ilə eyni vaxtda Loledə beynəlxalq turnir də keçirilib. Burada gimnast Dmitri Fedorovski ikili mini-batut üzərində yarışlarda bürünc medal qazanıb. Bu, batutçu və tamblinqçilərin noyabrın 26 – 29-da Danimarkanın Odense şəhərində keçiriləcək dünya çempionatından əvvəl keçirilən son turnir olub.