XVIII Respublika Spartakiadası davam edir

XVIII Respublika Spartakiadası davam edir



"Zenit" İdman Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVIII Respublika Spartakiadası keçirilir. Spartakiadada Aviasiya, Elektroenergetika və Elektrotexnika, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Müdafiə Sənayesi Həmkarlar İttifaqı respublika komitələrinin, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının, Metropoliten və "Bakı Stil Kompani" işçiləri həmkarlar ittifaqı birliklərinin xidmət dairəsinə aid təşkilatların nümayəndələri idmanın 10 növü üzrə yarışlarda iştirak edirlər.
Spartakiadaya start verilən mini-futbol yarışlarından sonra voleybolçular qüvvələrini snayıblar. Yarışların çempionu adını qazanan avtomobilçilər fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar. İkinci yerə Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının idmançıları sahib olublar. Metropoliten işçiləri isə voleybolçuların mübarizəsindən üçüncü nəticə ilə ayrıldılar. Mükafatalayiq yer tutan komandalara kubok və mükafatlar təqdim olunub.
Spartakiadada növbəti yarışlar oktyabrın 26-27-də kəndirdartma və stolüstü tennis üzrə keçirilib. Kəndirdartma yarışlarında Aviasiya İşçiləri Həmkarlar İttifaqının idmançıları bütün iştirakçılardan güclü olub və birinci yerə çıxıblar. İkinci yeri Müdafiə Sənayesi İşçiləri, üçüncü yeri isə avtomobilçilər tutublar.
Stolüstü tennis üzrə keçirilən yarışlarda da aviasiya işçilərinin daha sərrast olması onlara ilk pillədə qərar tutmağa imkan verib. Liderlik uğrunda aparılan mübarizədə birinciliyi əldən verən Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri ikinci yerdə qərarlaşıblar. Onlardan bir qədər zəif nəticə göstərən metropolitençilər isə üçüncü yerlə kifayətlənməli olublar.