Spartakiada yarışları davam edir

Spartakiada yarışları davam edir


"Zenit” idman ictimaiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVIII Respublika Spartakiadası keçirilir. Spartakiadada Aviasiya, Elektroenergetika və Elektrotexnika, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Müdafiə Sənayesi Həmkarlar İttifaqı respublika komitələrinin, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının, Metropoliten və "Bakı Stil Kompani” işçiləri həmkarlar ittifaqı birliklərinin xidmət dairəsinə aid təşkilatların nümayəndələri idmanın 10 növü üzrə yarışlarda iştirak edirlər.
Spartakiadaya start verilən mini futbol yarışlarından sonra voleybolçular qüvvələrini sınayıblar. Yarışların çempionu adını qazanan avtomobilçilər fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar. İkinci yerə Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının idmançıları sahib olublar. Metropoliten işçiləri isə voleybolçuların mübarizəsindən üçüncü nəticə ilə ayrılıblar. Mükafatalayiq yer tutan komandalara kubok və mükafatlar təqdim olunub.
Spartakiadada növbəti yarışlar oktyabrın 26-27-də kəndirdartma və stolüstü tennis üzrə keçirilib. Kəndirdartma yarışlarında Aviasiya İşçiləri Həmkarlar İttifaqının idmançıları bütün iştirakçılardan güclü olub və birinci yerə çıxıblar. İkinci yeri Müdafiə Sənayesi işçiləri, üçüncü yeri isə avtomobilçilər tutublar.
Stolüstü tennis üzrə keçirilən yarışlarda da aviasiya işçilərinin daha sərrast olması onlara ilk pillədə qərar tutmağa imkan verib. Liderlik uğrunda aparılan mübarizədə birinciliyi əldən verən Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri ikinci yerdə qərarlaşıblar. Onlardan bir qədər zəif nəticə göstərən metropolitençilər isə üçüncü yerlə kifayətlənməli olublar.
*     *      * 

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələri tələbələri arasında keçirilən XII Respublika Spartakiadası da davam edir.
Spartakiadanın təqvim planına idmanın 6 növü daxil edilib. Turnirdə yarışlar atletika, şahmat, dama, voleybol, basketbol, stolüstü tennis üzrə qızlar və oğlanlar arasında keçirilir. Artıq spartakiadada atletika və voleybol üzrə yarışlara yekun vurulub. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə yarışda 10 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda Bakı Sənaye Pedaqoji Kollecinin komandası birinci yerə layiq görülüb. Bakı Neft Energetika Kolleci və Bakı Sosial Pedaqoji Kolleci isə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.

Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin idman zalında isə voleybol üzrə yarışlar keçirilib. 8 komandanın iştirak etdiyi voleybol yarışında Bakı Sənaye Pedaqoji Kollecinin komandası birinci yerə çıxıb. Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinın komandası ikinci, Bakı 2 saylı Baza Tibb Kollecinin kollektivi isə üçüncü olub.