Noyabrın 6-8-də Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçiriləcək. Komanda yarışında Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa və Almaniya yığmaları da iştirak edəcək.
Turnirdə ölkəmizin idman şərəfini 25 güləşçi qoruyacaq. Yarışın ilk günündə döşək üzərinə qadın güləşçilər çıxacaqlar. Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə gücünü sınayacaq. Heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıblar. Noyabrın 6-da qrup görüşləri, bir gün sonra isə final qarşılaşmaları keçiriləcək. Yığmamız Rusiya, Ukrayna, Belarus, Polşa və Türkiyə komandaları ilə yarışacaq.
Sərbəst güləş yığmamız məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi ilə yarışacaq. Komandada Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) mübarizə aparacaqlar.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyev yunan-Roma güləşi üzrə yığma komandanın heyətində 9 güləşçi yer alıb. Yarışlarda ölkəmizi Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi - 130 kq) təmsil edəcəklər.
Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda noyabrın 7-də qrup görüşləri, bir gün sonra isə final görüşləri keçiriləcək. Sərbəst güləşçilərimiz Rusiya, Türkiyə, Gürcüstan, Belarus və Polşa, yunan-Roma güləşçilərimiz isə Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə yığmaları ilə qarşılaşacaqlar.
Yarışlar "Lujniki” Olimpiya Kompleksində və "Drujba” universal idman zalında keçiriləcək.
Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim İntiqam Alıyev də iştirak edəcək.