Yeniyetmə güləşçilər arasında komanda yarışları təşkil ediləcək

Yeniyetmə güləşçilər arasında komanda yarışları təşkil ediləcək



Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin olimpiyaçıları” komanda yarışları keçiriləcək.
"Olimpnews.az” xəbər verir ki, yarış noyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında təşkil ediləcək. Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.
Komanda xarakteri daşıyan yarışlar Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 29 kq, 32 kq, 35 kq, 38 kq, 42 kq, 47 kq, 53 kq, 59 kq, 66 kq və 73 çəki dərəcələrində keçiriləcək.
Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən "Xosrov Cəfərov”, "Azəri”, "Müşviqabad”, "Nardaran”, "Həyat", "Xəzri" klubları sərbəst güləş, "Cəngi”, "Pirallahı”, "Hövsan”, "Bakı”, "Həyat”, "Xosrov Cəfərov” və "Olimp" güləş klubları isə yunan-Roma güləşi növündə mübarizə aparacaq.
Proqrama əsasən, noyabrın 12-də sərbəst, noyabrın 13-də isə yunan-Roma güləşi yarışları keçiriləcək.
Noyabrın 13-dək davam edən yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək.