Noyabrın 7-də Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası və tamblinq üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək. Qeyd edək ki, ölkəmizdə yeni inkişaf etməyə başlayan batut gimnastikası üzrə çempionat və birincilik ilk dəfə təşkil ediləcək.
Turnirdə Bakı Gimnastika Məktəbi, "Neftçi” və "Ocaq” idman klubunu təmsil edən 46 idmançı qüvvəsini sınayacaq. Yarışlara tamblinq cığırı üzərində çıxışlarla start veriləcək. Kişi gimnastlar 3 yaş qrupu - böyüklər (1998-ci il təvəllüdlü və daha böyük), yeniyetmələr (2002-2005) və kiçiklər (2006-2007) üzrə kateqoriyalarda yarışacaqlar. Qadınlar arasında yarışlar isə kiçik yaş qrupunda keçiriləcək.
Yarış batutçuların çıxışları ilə davam edəcək. Tamaşaçılar 3 yaş qrupu (1998-2010-cu illər təvəllüdlü) üzrə kişi və qadın gimnastların çıxışlarını izləyəcəklər.
Bakı-2015 ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişunin, finalçısı Svetlana Makştarova və I Avropa Oyunlarının iştirakçıları Oleq Piunov və Sabina Zaytseva da batut üzərində öz ustalıqlarını nümayiş etdirəcəklər.