Moskvada güləş üzrə Avropa millətlər kuboku turniri keçirilir. Turnirdə güləşin hər üç növü üzrə Azərbaycan yığma komandaları mübarizə aparır.
Yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilib. Sərbəst güləşçilərimiz Belarus və Polşa, yunan-Roma güləşçilərimiz isə Türkiyə və Belarus komandaları ilə "B” qrupunda gücünü sınayıb.
Yunan-Roma güləşçilərimiz əvvəlcə belaruslu rəqiblərini, ardınca Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib və qrup lideri kimi finala yüksəlib. Finalda güləşçilərimizin rəqibi digər qrupun birincisi Rusiya komandası olacaq.
Sərbəst güləşçilərimiz də əvvəlcə Belarus komandası ilə qarşılaşıb. Görüş yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mübarizədə 125 kq çəki dərəcəsində yarışan güləşçilər arasında mübahisə yarandığından görüşün nəticəsi ləğv edilib və hər iki güləşçi diskvalifikasiya edilib. Ardınca Polşa idmançıları ilə qarşılaşan yığmamız 5:3 hesablı qələbə qazanaraq finala yüksəlib. Komandamız həlledici görüşdə Rusiya yığması ilə qarşılaşacaq.
Sərbəst güləş üzrə yığma komandamız məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi ilə mübarizə aparır. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıblar. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edən yunan-Roma güləşi yığmasının heyətində Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) mübarizə aparırlar.