Noyabrın 12-13-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışlarına start verilib.
Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların müəyyən edilməsi, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.
Komanda xarakteri daşıyan yarışlarda Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 29 kq, 32 kq, 35 kq, 38 kq, 42 kq, 47 kq, 53 kq, 59 kq, 66 kq və 73 çəki dərəcələrində güləşçilər qüvvələrini sınayırlar.
Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən "Xosrov Cəfərov”, "Azəri”, "Müşviqabad”, "Nardaran”, "Həyat", "Xəzri" klubları sərbəst güləş, "Cəngi”, "Pirallahı”, "Hövsan”, "Bakı”, "Həyat”, "Xosrov Cəfərov” və "Olimp" güləş klubları isə yunan-Roma güləşi növündə mübarizə aparacaq.
Noyabrın 12-də sərbəst, noyabrın 13-də isə yunan-Roma güləşçiləriləri yarışacaqlar. Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək.