Noyabrın 7-də Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası və tamblinq üzrə Azərbaycan və Bakı birinciliyi keçirilib. Qeyd edək ki, ölkəmizdə yeni inkişaf etməyə başlayan batut gimnastikası üzrə çempionat və birincilik ilk dəfə təşkil edilib.
Turnirdə Bakı Gimnastika Məktəbi, "Neftçi” və "Ocaq” idman klubunu təmsil edən 46 idmançı qüvvəsini sınayıb. Yarışlara tamblinq cığırı üzərində çıxışlarla start verilib. Kişi gimnastlar 3 yaş qrupu - böyüklər (1998-ci il təvəllüdlü və daha böyük), yeniyetmələr (2002-2005) və kiçiklər (2006-2007) üzrə kateqoriyalarda yarışıblar. Qadınlar arasında isə yarışlar isə kiçik yaş qrupunda keçirilib. Tambilinq üzrə yarışlarda böyüklər kateqoriyasında kişilər arasında Mixail Malkin (BGM), yeniyetmələr arasında Adil Hacızadə ("Neftçi”), balacalar kateqoriyasında qadınlar arasında Zeynəb Qasımlı (BGM), kiçik yaş qrupunda isə kişilər arasında mükafatalayiq yerləri BGM-nin yetirmələri tutublar. Məktəbin təmsilçisi Bilal Qurbanov çempion adını qazanıb.
Yarış batutçuların çıxışları ilə davam edib. Tamaşaçılar 3 yaş qrupu (1998-2010-ci il təvəllüdlü) üzrə kişi və qadın gimnastların çıxışlarını izləyiblər. Batut üzrə böyüklər kateqoriyasında kişilər və qadınlar arasında qalib adına "Ocaq” klubunun təmsilçiləri İlya Qrişunin və Svetlana Makştaryova layiq görülüblər. Kiçiklər kateqoriyasında isə qadınlar arasında mükafatalayiq yerləri Bakı Gimnastika Məktəbinin (BGM) yetirmələri Fidan Əzizova, Şəfigə Hümbətova və Violetta Sorokina tutublar.
Kiçikyaşlı oğlan batutçuların yarışında Riyad Abbasov (BGM), qızların yarışında isə Selcan Mahsudova (BGM) fərqləniblər. Kişilər arasında kiçiklər kateqotiyasında mükafatalayiq yerləri yenə də BGM-nin təmsilçiləri tutublar. Məktəbin yetirməsi Hüseyn Abbasov fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Bakı-2015 ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişunin, finalçısı Svetlana Makştarova və I Avropa Oyunlarının iştirakçıları Oleq Piunov və Sabina Zaytseva da batut üzərində öz ustalıqlarını nümayiş etdiriblər.