Sadıq Sadıqov “Paralimpiya medalı” ilə təltif edilib

Sadıq Sadıqov “Paralimpiya medalı” ilə təltif edilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmiləri - vitse-prezident Şaiq Həmidov və baş katib Afiq Süleymanov "Neftçi idman klubu” İctimai Birliyinin inzibati binasında klubun idarəetmə aparatının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun 50 illik yubileyini təbrik ediblər.
Əvvəlcə Şaiq Həmidov çıxış edərək təmsil etdiyi komitənin kollektivi adından onu 50 illik yubileyi münasibətilə təbrik edib. Sadıq Sadıqovun uzun illər Azərbaycan idmanına, eləcə də Paralimpiya Hərəkatına göstərdiyi xidmətdən söhbət açan Şaiq Həmidov onun fəaliyyətini yüksək qiymətləndirib. Yubilyarın ömrünün böyük bir hissəsinin "Neftçi idman klubu” ilə bağlı olduğunu vurğulayan natiq onun idmandakı xidmətlərinə görə ölkə başçısı tərəfindən fəxri ad və medalla təltif olunduğunu qeyd edib.
Sonra Afiq Süleymanov və digər çıxışçılar da yubilyara ən xoş arzularını çatdırıb, haqqında dəyərli fikirlər səsləndiriblər.
Şaiq Həmidov Sadıq Sadıqovun Azərbaycan Paralimpiya Hərəkatının inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə, Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən "Paralimpiya medalı” ilə təltif edib.
Tədbirin sonunda Sadıq Sadıqov ona göstərdikləri diqqətə görə Paralimpiya Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirib və təltif olunduğu mükafatın onun üçün çox qiymətli olduğunu söyləyib.