Mingəçevirdəki "Kür” Olimpiya və Avarçəkmə Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku Reqatası keçirilib. Ənənəvi reqatada müxtəlif yaş qrupları üzrə Azərbaycan, Gürcüstan və Ukraynanın 100-dən artıq idmançısı mübarizə aparıb. Əksər yürüşlərdə Azərbaycan idmançıları üstün olublar. Ən ciddi rəqabət böyüklərin mübarizəsində qeydə alınıb. Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə qalib adını Rio-de Janeyro 2016 Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Boris Yotov qazanıb. 19 yaşlı avarçəkən finişə 7 dəqiqə 21,06 saniyəyə çatıb. B.Yotov olimpiadada onunla birgə 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparacaq yeniyetmələr və 23 yaşınadək akademik avarçəkənlər arasında dünya çempionu Aleksandr Aleksandrovu 0,53 saniyə üstələyib. Üçüncü yeri isə finişə 7 dəqiqə 35,06 saniyəyə çatan Cavid Əfəndiyev tutub.
Daha bir gözlənilməz nəticə kayakçıların 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qeydə alınıb. Tamerlan Mustafayev 23 yaşınadək kayakçılar arasında 2014-cü il Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadovu üstələməyi bacarıb. Tamerlan Mustafayev finişə (39,64 saniyə) hamıdan tez çatıb.
Kanoeçilərin mübarizəsində isə Nikita Sablin mütləq qalib olub. Gənc idmançı 1 nəfərlik qayıqla hər 3 məsafə üzrə yürüşdə rəqiblərini üstələyib. O, 200 metr məsafəni 44 saniyəyə qət edib. 500 metr məsafəyə yürüşdə Nikita Sablin 2 dəqiqə 4 saniyə nəticə göstərib. Taras Matviyçuk finişə 2 dəqiqə 6 saniyəyə, Aleksey Kupin isə 2 dəqiqə 7 saniyəyə çatıb. 1000 metr məsafəyə yürüşdə 4 dəqiqə 34 saniyəlik göstərici ilə birinci olan Nikita Sablin əsas rəqibi Aleksey Kupini cəmi 1 saniyə qabaqlayıb.
Qeyd edək ki, Beynəlxalq Mingəçevir Reqatasında yüksək nəticələr göstərən Azərbaycan idmançıları müvafiq yığma komandaların heyətinə cəlb olunaraq, təlim-məşq toplanışlarında iştirak edəcəklər.