Paralimpiyaçı uşaqlar Sumqayıtda yarışıblar

Paralimpiyaçı uşaqlar Sumqayıtda yarışıblar

Noyabrın 6-da Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsi və "Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) birgə təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq I Uşaq Paralimpiya İdman Oyunları keçirilib. Oyunlarda Bakı, Sumqayıt, Şəki şəhərləri və Ağdaş rayonundan olan uşaq paralimpiyaçıları idmanın cüdo, üzgüçülük, stolüstü tennis, boccia növündə öz güclərini sınayıblar. Ümumilikdə oyunlarda sağlamlıq imkanları məhdud olan 50-dən çox uşaq iştirak edib.
Oyunların açılış mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov, UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze, "Azercell Telekom” MMC-nin Prezidenti Vahid Mürsəliyev, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin sədri Natiq Qasımov çıxış ediblər. Onlar I Uşaq Paralimpiya Oyunlarının keçirilməsini Azərbaycanda idman sahəsində yeni bir səhifənin açılması kimi dəyərləndiriblər. Ölkəmizdə idmanın sürətli inkişafından danışan natiqlər əldə olunmuş bütün nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu bildiriblər. Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin sədri Natiq Qasımov I Uşaq Paralimpiya Oyunlarını açıq elan edib.
Yarışda idmançılar 12 dəst kubok və medal uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda stolüstü tennis üzrə Aytac Qasımova (Bakı), boccia üzrə isə Rüfət Bayramov (Bakı) birinci yerə layiq görülüb. Cüdo yarışlarında Sumqayıtı təmsil edən İlkin Zəkiyev (30 kq), Aydın Əzizov (34 kq), Polad Poladov (60 kq), Gülnar Gərayeva (48 kq), Səbinə Abdullayeva (57 kq) fərqləniblər.
Üzgüçülük üzrə yarışlarda isə İmran Cəfərzadə (25 m. kiçik yaş qrupu, Bakı), Sənan Ələsgərov (25 m. böyük yaş qrupu, Bakı), Fərid Novruzzadə (50 m. kiçik yaş qrupu, Sumqayıt) və Şamil Şaxov (50 m. böyük yaş qrupu, Bakı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları Milli Paralimpiya Komitəsinin diplom, medal, kuboku və "Azərcell” Telekom MMC-nin hədiyələri ilə təltif olunublar.