“Məhsul” İC-in idman xronikası

“Məhsul” İC-in idman xronikası


Sabirabad Olimpiya İdman Kompleksində kənd idmançılarının milli idman oyunları üzrə ənənəvi spartakiadası keçirilib. 26-cı dəfə təşkil olunan spartakiada Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi və "Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının birgə qərarı ilə təşkil olunub. Spartakiadanın keçirilməsində əsas məqsəd itməkdə olan milli adət ənənələrimizin qorunub saxlanılması, eyni zamanda Olimpiya Hərəkatının respublikamızda daha da inkişaf etdirilməsindən ibarət olub. Final yarışlarında 20 rayondan 360 nəfər iştirakçı mübarizə aparıb. İki gün ərzində davam edən yarışda spartakiada iştirakçıları proqrama daxil olan daşqaldırma, gücsınama (kişilər və qadınlar), dirədöymə, çalağançardağı, kəndirdartma, nərd, xıy-xıy və milli güləş üzrə yarışlarda güclərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən müxtəlif növlər üzrə yarışlarda Sabirabad, Şamaxı, Cəlilabad, Zəngilan, Qubadlı, Masallı, Gəncə, Biləsuvar, Beyləqan və İmişli komandaları fərqləniblər. Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

*        *       *
Oktyabrın 26-28-də Bakı İdman Sarayında güləş üzrə Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışda paytaxtla yanaşı, müxtəlif bölgələri təmsil edən klub və cəmiyyətlərdən ümumilikdə 350-ə yaxın yeniyetmə pəhləvan mübarizə aparıb. Turnirdə "Məhsul” İdman Cəmiyyətinin də güləşçiləri qüvvələrini sınayıblar. Turnirin ilk günündə "Məhsul” İC-in yetirməsi Zaur Nuriyev (50 kq) yunan-Roma güləşi üzrə yarışda üçüncü yerə layiq görülüb. Cəmiyyətin digər yetirməsi Davud Əlimuradov isə yunan-Roma güləşi üzrə yarışlarda 63 kq çəki dərəcəsində yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.
Məlumat üçün qeyd edək ki, Davud Əlimuradov yeniyetmələr arasında keçirilən Bakı şəhər birinciliyində də fərqlənməyi bacarmışdı. O, Hövsan Olimpiya Kompleksində təşkil olunan yarışda üçüncü yeri tutmuşdu.