Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi başa çatıb

Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi başa çatıb



Noyabrın 13-14-də Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 22-ci Bakı çempionatı və birinciliyi başa çatıb.
Yarışda Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport”, ”Neftçi İK”İB, "Spartak”İC və "Start”, "Sərhədçi” İdman Olimpiya Mərkəzini təmsil edən 140 gimnast qüvvəsini sınayıb. Yarışların ilk günündə 2005-2007-ci il təvəllüdlü kiçikyaşlı gimnastlar fərdi proqramda qüvvələrini sınayıblar. Günün sonunda isə həmin yaş qrupu üzrə gimnastlar arasında çoxnövçülük üzrə (alətsiz, ip, halqa və top) mükafatçılar müəyyənləşib. Daha sonra eyni yaş qrupunda və yeniyetmələr (2003-2004-cü illər təvəllüdlü) arasında qrup hərəkətləri komandaları bacarıqlarını nümayiş etdiriblər. Kiçikyaşlı gimnastlar iki (alətsiz və toplarla), yeniyetmələr isə bir (halqalar) alətlə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. Kiçikyaşlı gimnastların alətsiz və toplarla çıxışlarında "Ocaq” Sport klubu (22,5 xal) bütün rəqiblərindən üstün olub. İkinci yerə "Sərhədçi” İOM (18,3 xal) gimnastları layiq görülüblər. "START-1” (15,8 xal) komandası isə üçüncü pillədə qərarlaşıb.
2003-2004-cü illər təvəllüdlü gimnastların halqa ilə qrup hərəkətləri üzrə çıxışlarında "Ocaq” Sport klubu 13,433 xalla birincilik qazanıb. "Sərhədçi” İOM ikinci (8,317 xal), Bakı Gimnastika Məktəbinin gimnastları (8,283 xal) isə üçüncü yeri tutublar. Bu yaş qrupunda çıxış edən gimnastlar AGF Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının xüsusi hədiyyələri ilə komanda hesabında da mükafatlandırılıblar.
Yarışların ikinci günündə yeniyetmə gimnastlar arasında fərdi proqramda çoxnövçülük (alətsiz, ip, halqa, top, gürzlər) üzrə qaliblər muəyyənləşib. Daha sonra gənc (2000-2002-ci illər təvəllüdlü) və böyükyaşlı (1999-cu il və daha böyük təvəllüdlülər) gimnastlar çoxnövçülükdə (ip, halqa, top, gürzlər) mübarizə aparıblar. Ümumi hesabda Ocaq Sport klubu 132,518 xalla birinci, Bakı Gimnastika Məktəbi ikinci (125,2 xal), "Sərhədçi” İOM (97, 767 xal) isə üçüncü yeri tutub. Region təmsilçilərinin də iştirak etdiyi rəngarəng qala-konsert tamaşaçıların böyük marağına səbəb olub.




Aysel
Səadət