«Qrup hərəkətləri üzrə komandaların yarışda iştirakı məni çox sevindirdi»

«Qrup hərəkətləri üzrə komandaların yarışda iştirakı məni çox sevindirdi»



Noyabrın 13-14-də Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 22-ci Bakı çempionatı və birinciliyi başa çatıb. 140 gimnastın iştirakıyla keçirilən yarış başa çatdıqdan sonra bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva fikirlərini "Olimpnes.az” saytı ilə bölüşdü.


- Bakı çempionatında 140 gimnast qüvvəsini sınadı. Bu, rekord göstəricidir. Fərdi gimnastlarla yanaşı, qrup komandaları da yarışda iştirak edirdilər. Qrup hərəkətləri üzrə komandaların yarışda iştirakı məni çox sevindirdi. Əminəm ki, məşqçilər bundan sonra məhz qrup hərəkətləri üzrə komandaların hazırlanmasına daha çox diqqət yetirəcəklər. Əlbəttə ki, gimnastların say çoxluğundan razıyam. Amma istərdim ki, kəmiyyətlə yanaşı, keyfiyyətə də üstünlük verilsin. Bakı çempionatı və birinciliyində mükafatalayiq yer tutan idmançıların əksəriyyəti yığma komandanın heyətində məşq edirlər. Müxtəlif cəmiyyətləri təmsil etsələr də, onların məşqlərinə mütəmadi nəzarət edirik. Burada fərdi növlərdə çıxış edən gimnastlar qrup hərəkətləri komandasının heyətində yer almışdılar. İndi onlar fərdi növlərdə yaxşı çıxış nümayiş etdirirlər. 2005-2007-ci illər təvəllüdlü gimnastlara daha çox diqqət yetirilməlidir. Məşqçi və hakimlərin iştirakı ilə keçirilən iclasda mütəxəssislərə bununla bağlı tapşırıqlarımı vermişəm. Dekabrın 17-19-da Milli Gimkastika Arenasında bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək. İnanıram ki, gimnastlarımız bu yarışda daha yaxşı iştirak edəcəklər.
Qeyd edim ki, 2015-ci il Azərbaycan bədii gimnastları üçün uğurlu olub. Təmsilçilərimiz müxtəlif yarışlarda 35 qızıl, 22 gümüş, 29 bürünc medal əldə ediblər. I Avropa Oyunlarında yığmanın üzvü Marina Durunda gümüş medal qazanıb. O, Avorpa çempionatında bürünc medal əldə edib. Gimnastımız Jalə Piriyeva klublararası dünya çempionatında bürünc medal qazanıb. Qrup hərəkətləri komandamız da bu il kifayət qədər uğurla çıxış edib. Bildiyiniz kimi, gimnastımız Marina Durunda gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. O, bundan sonra üzərində daha da ciddi işləyəcək. Biz artıq onun üçün 4 alət üzrə yeni proqram hazırlamışıq. Qrup hərəkətləri üzrə yığma komandanı da aprel ayında Rio-2016-ya yoxlama turniri gözləyir. İnanıram ki, onlar da Olimpiadaya lisenziya qazanacaqlar. Bu yarışdan başqa komandanı İsraildə keçiriləcək Avropa çempionatı gözləyir. İyul ayında isə bütün gimnastikasevərləri Milli Gimnastika Arnasında kçiriləcək Dünya kuboku yarışına dəvət edirəm. 2016-cı ilin ən məsuliyyətli və mötəbər yarışı Rio-2016 Olimpiadasıdır. İnanıram ki, gimnastımız ona bəslənilən ümidləri doğruldacaq.