AİPS-in bayrağı Azərbaycana təqdim edildi

AİPS-in bayrağı Azərbaycana təqdim edildi


Xəbər verdiyimiz kimi, aprelin 15-də Rusiyanın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının - AİPS-in 76-cı konqresi öz işinə başlayıb. Həmin gün "Radisson Blue” hotelində tədbirin açılış mərasimi olub. Mərasimdə Rusiyanın idman naziri Vitali Mutko çıxış edərək dünya idman jurnalistlərini növbəti konqres münasibətilə təbrik edib.
AİPS prezidenti Canni Merlo isə təşkilatçılığa görə Rusiya dövlətinə təşəkkürünü bildirib. Tədbir bədii hissə ilə davam edib.
Konqres ərəfəsində AİPS-in qitələr üzrə təşkilarının toplantıları keçirilib.
Azərbaycanın da üzv olduğu Avropa İdman Mətbuatı İttifaqının (UEPS) iclasında bir sıra məsələlər müzakirə edilib.
Konqresdə AİPS-in rəhbər vəzifələrinə Avropa ölkələrindən namizədlərin irəli sürülməsi məsələsi də müzakirə olunub.
Konqres aprelin 16-da bir sıra ölkələrin təqdimatları ilə davam edib. Günün ilk yarısında qitə təşkilatlarının iclaslarından sonra konqres öz işinə başlayıb. AİPS prezidenti Canni Merlo konqres iştirakçılarını salamladıqdan sonra, dünya idman jurnalistlərinin Boston marafonunda baş vermiş terror aktını pisləyən bəyanatı oxunub. Qeyd edək ki, hadisə zamanı biri 8 yaşında olmaqla üç günahsız insan həlak olub və yüzlərlə insan yaralanıb. Konqresdə 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına namizəd şəhərlərin - İstanbul və Tokionun təqdimatları keçirilib. Daha sonra sabahkı gizli səsvermənin texniki qaydaları barədə konqres iştirakçılarına məlumat verilib. Bundan sonra bu il avqustun 10-dan 18-dək Moskvada keçiriləcək atletika üzrə 14-cü dünya çempionatına, 2014-cü ildə Nanjinqdə keçiriləcək yeniyetmələrin növbəti Olimpiya oyunları və Belarusda keçiriləcək hokkey üzrə dünya çempionatına hazırlıqla bağlı təqdimatlara baxılıb.
Beynəlxalq İdman Mətbuatı Asoosiasiyasının (AİPS) 76-cı konqresi aprelin 18-də başa çatıb. Konqresin sonuncu günündə qadın idman jurnalistlərinin beynəlxalq seminarının təşkili və bir sıra məsələlər müzakirə edilib. Həmçinin bir sıra təqdimatlar keçirilib.
AİPS-in "Young reporters” proqramının təqdimatı zamanı AİPS gənc reportyorlarının hazırladığı reportaj daha çox Azərbaycan idmanı barədə olub.
Konqresin gedişində Rusiya baş nazirinin müavini Dmitri Kozak çıxış edərək konqres iştirakçılarına uğurlar arzulayıb və AİPS-in bayrağını Azərbaycan Mili Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.
Çingiz Hüseynzadə Bakının gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib.
Sonra təqdimat üçün söz Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Nərgiz Mahmudzadəyə verilib.
Gələn il AİPS-in 90 ilik yubileyinə təsadüf edəcək 77-ci Konqresə ölkəmizin hazırlığı barədə qısaca informasiya verən Nərgiz Mahmudzadənin çıxışından sonra Bakı haqqında xüsusi videoçarx nümayiş etdirilib.
Daha sonra AİPS prezidenti Canni Merlo Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, AİJA prezidenti Eldar İsmayılova və qurumun vitse-prezidenti Nərgiz Mahmudzadəyə 76-cı konqresin xatirə hədiyyəsini təqdim edib.