“Perspektivli güləşçilərimiz çoxdur”

“Perspektivli güləşçilərimiz çoxdur”



Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin olimpiyaçıları" komanda yarışları başa çatıb. Turnirdə yunan-Roma güləşi üzrə qalib adını "Xosrof Cəfərov” güləş klubu qazanıb.
Yarışdan sonra "Xosrof Cəfərov” adına klubun rəhbəri Ricad Məmmədov təəssüratlarını "Olimpnews.az" saytı ilə bölüşüb.



-"Xosrov Cəfərov” adına güləş klubu 2013-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq, yetirmələrimiz dəfələrlə bir sıra turnirlərin qalib və mükafatçısı olublar. Klubun məşqçi-müəllimləri Əziz Əsgərov və Əfqan Əzimovun rəhbərliyi altında yeniyetmə idmançılarımız yunan-Roma güləşinin incəliklərinə yiyələnirlər. Özüm 1991-ci ildən 2003-cü ilə kimi peşəkar idmanla məşğul olmuşam və 3 dəfə Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalib və mükafatçısı adını qazanmışam və klubda məşqçi kimi fəaliyyət göstərirəm.
Bugünkü yarışa gəlincə, azyaşlı yeniyetmələr arasında arasında güləş üzrə klub komandalarının "Gələcəyin olimpiyaçıları" komanda yarışları ənənəvi olaraq hər il keçirilir. Keçən il bu yarışda klubumuz 10 komanda arasında 5-ci yeri tutub. Yetirmələrimizin bu gün çempion adına layiq görülməsi klub rəhbəri kimi məni çox sevindirir. Yarışlarda yunan-Roma güləşi üzrə 10 komanda mübarizə aparırdı. Klubumuz "Pirallahı" Olimp", Göyçay, "Şahin" komandaları ilə A qrupunda yarışırdı. Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan komandamızın yetirmələri finalda "Hövsan" güləş klubunun pəhləvanları ilə qarşılaşdılar. Komandamız rəqibə böyük üstünlüklə (7:3) qalib gələrək turnirin qızıl medalını qazandı. Təbii ki, çəkilən zəhmətin müqabilində mükafat qazanmaq böyük xoşbəxtlikdir və insanı yeni qələbələrə ruhlandırır.


Klubumuzda istedadlı və perspektivli güləşçilərimiz çoxdur. Bir məşqçi-müəllim kimi klub təmsilçilərimizin gələcəkdə Avropa, dünya birinciliklərində, Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklərinə inanıram. Sərxan Məmmədov, Süleyman Salmanov, Xanəhməd Əliyev, Əli Zəkəriyəyev, Rəvan Həsənli və başqaları potensiallı idmançılardandır. Çalışırıq ki, klubda dünya, Avropa və Olimpiya çempionları yetişdirək. Bunun üçün hər bir şəraitimiz vardır.




Səadət Hakıyeva