“Rabitə” vaxtından əvvəl ölkə çempionu oldu

“Rabitə” vaxtından əvvəl ölkə çempionu oldu


Gümüş medallar uğrunda
mübarizə isə davam edir

Super-liqada XXV turun oyunları keçirilib. Günün ilk oyununda "Azərreyl”lə "Telekom” komandaları üz-üzə gəliblər. Bu görüşdə "dəmiryolçular”ın asan qələbə qazanacağı daha inandırıcı görünürdü. Çünki bu komandalar arasında təşkil olunan birinci və ikinci oyunda sevinən tərəf "Azərreyl” klubu olmuşdu. Meydana qələbə əzmi ilə çıxan "Azərreyl” oyuna fəal başlayıb.
Birinci hissə onların qələbəsi ilə yekunlaşıb. Çempionatın gümüş medalları uğrunda mübarizə aparan komanda ikinci hissədə də qələbəni bayram edib. Onlar bu dəfə qonaqları 6 top fərqi ilə məğlubiyyətə uğratdılar. Üçüncü hissədə isə görüşün taleyinə aydınlıq gəlib. Bu hissədə də rəqibindən üstün oyun nümayiş etdirən "Azərreyl” aktivinə vacib 3 xal əlavə edib.


İkinci oyunda isə 2013-cü ilin ölkə çempionun adına aydınlıq gəlib.
Bu qarşılaşmada "İqtisadçı” komandası ilə son ölkə çempionu "Rabitə” üz-üzə gəlib. Qeyd edək ki, çempionatın sonuna 3 tur qalmış , "rabitəçilər”in qızıl medal qazanmaları üçün bir xal kifayət edirdi. Marçello Abbondanzanın yetirmələri onlara bəslənilən ümidləri doğrulda biliblər. Baxmayaraq ki, birinci hissəyə universitet komandası fəal başlayıb. "Tələbələr” bu hissədə qonaq komandanı 3 top fərqi ilə məğlubiyyətə uğradıblar. İkinci hissədə isə "Rabitə” öz gücünü "tələbələr”ə göstərib. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, son ölkə çempionu rəqibə heç bir şans verməyib. Üçüncü hissə də "rabitəçilərin” üstünlüyü ilə başlayıb. Onlar ikinci hissədə olduğu kimi, üçüncü hissədə də rəqibi 4 top fərqi ilə məğlubiyyətə uğradıblar. Dördüncü hissə isə, digər hissələrə nisbətən, daha maraqlı keçib. "Rabitə”nin çempion olması üçün bu hissədə qələbə qazanması mütləq idi. Çünki, "İqtisad”çı komandası bu hissədə qələbə qazanacağı təqdirdə, oyunun taleyinə tay-brekdə aydınlıq gələcəkdi. belə də olub. Universitet komandası qələbə qazanaraq tay-brekdə qüvvəsini sınamaq imkanı qazanıb. Lakin "tələbələrin” bundan artığına gücü çatmayıb. Çempionluğu növbəti tura saxlamaq istəməyən "Rabitə” bu hissədə də rəqibini məğlubiyyətə uğradaraq altıncı dəfə ölkə çempionu olub. Belə ki, "Rabitə” qalib gəlməklə ən yaxın izləyicisi olan "Azərreyl”lə aralarındakı xal fərqini 11-ə çatdırıb. Tura isə "Bakı-Azəryol” - "Lokomotiv” qarşılaşması ilə yekun vurulub. Bu görüşdə qonaq komandanın - "Lokomotiv”in qalib gələcəyini çoxları gözləyirdi. Çünki bu komanda çempionat ərzində rəqibinə nisbətən güclü təsir bağışlayıb. Düzdü, "Bakı-Azəryol” güclü komandalarla keçirilən oyunlarda qələbə qazana bilsə də, onların bu qarşılaşmada xal əldə edəcəyi inandırıcı görsənmirdi. Bununla belə görüşə "Bakı-Azəryol” komandası fəal başlayıb. Onlar birinci hissədə rəqibini 7 top fərqi ilə məğlubiyyətə uğradaraq qələbəyə seviniblər. Lakin komandanın bundan artığına gücü çatmayıb. Ardıcıl olaraq növbəti hissələrdə qalib gələn "Lokomotiv” medal qazanmaq üçün mübarizəni davam etdirmək imkanı qazanıb.
Beləliklə, "Rabitə” klubunun çempion olmasından sonra Super-liqada əsas mübarizə gümüş medallar uğrunda gedəcək. Bu mübarizədə "Azərreyl”in imkanları daha yüksək qiymətləndirilir. Çünki, "Rabitə”nin "İqtisadçı” komandasına qalib gəlməsindən sonra "Azərreyl”in turnir cədvəlində mövqeyi bir qədər də möhkəmlənib. Bununla yanaşı Aleksandr Çervyakovun yetirmələri universitet komandasından 1 oyun az keçirdiyindən ikinci yeri tutacaqları daha inandırıcı görsənir.
"Lokomotiv” isə bu tur əldə etdiyi qələbə sayəsində medal qazanmaq iddiasını davam etdirir. Onlar 3-cü olmaq üçün növbəti oyunda xal itirməməli, həmçinin "İqtisadçı” klubunun məğlub olmasını gözləməlidirlər.

17 aprel
XXV tur

"Azərreyl” - "Telekom” - 3:0 (25:17, 25:21, 25:20)

Birinci oyun: "Telekom” - "Azərreyl” - 0:3 (17:25, 19:25, 12:25)
İkinci oyun: "Azərreyl” - "Telekom” - 3:0 (28:26, 25:19, 25:19)
Üçüncü oyun: "Telekom” - "Azərreyl” - 0:3 (9:25; 19:25, 23:25)

"İqtisadçı” - "Rabitə” - 2:3 (25:22; 21:25; 21:25; 28:26; 10:15)

Birinci oyun: "Rabitə” - "İqtisadçı” - 3:1 (25:15, 24:26, 26:24, 26:24)
İkinci oyun: "İqtisadçı” - "Rabitə” - 3:2 (26:24, 25:18, 29:31, 20:25, 17:15)
Üçüncü oyun: "Rabitə” - "İqtisadçı” - 3:0 (25:14, 25:21, 25:23)


"Bakı-Azəryol” - "Lokomotiv” - 1:3 (25:18; 19:25; 19:25; 16:25)

Birinci oyun: "Lokomotiv” - "Bakı-Azəryol” - 3:1 (25:14, 26:28, 25:15, 25:19)
İkinci oyun: "Bakı-Azəryol” - "Lokomotiv” - 1:3 (19:25, 19:25, 25:18, 18:25)
Üçüncü oyun: "Lokomotiv” - "Bakı-Azəryol” - 3:1(21:25, 25:17, 25:22, 25:17)