İdman ocağında öz işini dərindən bilən mütəxəssislər çalışırlar

İdman ocağında öz işini dərindən bilən mütəxəssislər çalışırlar

Azərbaycanda idmana göstərilən dövlət qayğısı hər birimizi sevindirir. İdmançılarımızın beynəlxalq arenalarda uğurlu çıxışlarını izlədikcə qəlbimiz qürur hissi ilə döyünür. Şübhəsiz ki, əldə olunan qələbələrdə, gənc nəslin kütləvi halda idmana cəlb olunmasında idman məktəblərinin də müstəsna xidmətləri var.
Belə idman ocaqlarından biri 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir (RİOEUGİM). İdman ocağında ümumilikdə 81 nəfər çalışır. Onlardan 13 nəfəri əməkdar məşqçi adını daşıyır. İdman ocağında uşaqlar 8 (ağırlıqqaldırma, boks, atletika, yunan-Roma güləşi, sərbəst güləş, cüdo, stolüstü tennis, üzgüçülük) idman növü ilə məşğul olurlar. Burada məşq edən idmançıların nailiyyətləri ildən-ilə artmaqdadır. Belə ki, idman ocağının yetirmələri keçirilən yarışlarda mükafatalayiq yerlər tutur, məktəbin idman şərəfini layiqincə qoruyurlar.
İdman ocağına gənc mütəxəssis Orxan Ələkbərov rəhbərlik edir. O, 2008-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub. Akademiyanı bitirdikdən sonra bir müddət Səbail Rayon Uşaq-gənclər idman məktəbində təlimatçı kimi fəaliyyət göstərib. 2014-cü ilin may ayından isə 1 saylı RİOEUGİM-də çalışır. Orxan Ələkbərovun sözlərinə görə, bu idman ocağında gənclərin, eləcə də yeniyetmələrin fiziki inkişafı istiqamətində lazımi işlər aparılır. "Şübhəsiz ki, gördüyümüz işlər Azərbaycan dövlətinin idman sahəsində qəbul etdiyi qərarlar, proqramlar çərçivəsində həyata keçirilir. Məktəbimizdə ixtisaslı, öz işini dərindən bilən təcrübəli mütəxəssislər çalışırlar. Təsadüfi deyil ki, burada işləyən məşqçilərdən 13 nəfəri Əməkdar məşqçi adına layiq görüüb. Əməkdar məşqçilər Vahid Nəzərov və Bəxtiyar Məmmədov Bədən Tərbiyəsi və İdman Xadimi adını da daşıyırlar. Məktəbin tədris işləri üzrə direktor müavini Əli Musazadə də bu titulun sahibidir. Bu cür bacarıqlı kadrların çalışdığı bir idman məktəbində nailiyyətlərin olması təbii haldır.
Qeyd etməliyəm ki, idmançılarımız həm ölkədaxili, həm də beynəlxalq arenalarda uğurla yarışırlar. Bütün idman növləri üzrə nailiyyətlərimiz var. Təkcə bu il əldə olunan uğurlara nəzər salmaq kifayətdir ki, yetirmələrimizin ayrı-ayrı yarışlarda ümidləri doğrultduqları barədə məlumatı toplamaq olsun. Ağır atletika bölməsinin üzvləri ölkə çempionatlarında uğurla yarışıblar. Bu ilin yanvar ayından keçirilən Azərbaycan çempionatında idmançımız Əfqan Bayramov birinci yeri tutub. O, Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunan Avropa çempionatında təkanla qaldırmada birinci, cəmdə isə yeddinci yeri tutub. Digər ağır atletimiz Allahyar Abışov da perspektivli idmançılarımızdandır. Yetirməmiz bu ilin mart ayında Türkiyənin Antalya şəhərində təşkil olunan İslam Həmrəylik Federasiyasının ağırlıqqaldırma üzrə üçüncü çempionatında ikinci yeri tutub. Latviyanın Klaypeda şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində isə Allahyar Abışov 3-cü olub. Əminəm ki, növbəti turnirlərdə də mükafatçılar sırasında yer alacağıq”,- deyə Orxan Ələkbərov bildiridi.
2001-2003-cü illər təvəllüdlü cüdoçuların yarışında RİOEUGİM-in təmsilçiləri Fidan Rəhimova və Rahilə Cavadova fəxri kürsünün birinci pilləsində yer alıblar.
1 saylı RİOEUGİM-in üzgüçüləri də nailiyyətlər əldə ediblər. Bu növdə qazanılan uğurları qənaətbəxş saymaq olar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq yarışda məktəbin yetirməsi Yuliya Sityusuk qısa məsafələr üzrə bütün növlərdə birinci yerə layiq görülüb. Ramiz Vəlizadə isə bu turnirdə 3-cü pillədə yer alıb. İdman ocağının yetirmələri atletika üzrə yarışlarda da mükafatçılar sırasındadırlar. Onlar ölkə çempionatlarında və birinciliklərində uğurla mübarizə aparırılar. Bu il təşkil olunan respublika birinciliyində də yüksək nəticələr qeydə alınıb. RİOEUGİM-in atletləri müxtəlif vaxtlarda keçirilən ölkə birinciliklərində 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qaxıblar. Tunisdə təşkil olunan beynəlxalq Qran-pri turnirində isə məktəbin 2 atleti qızıl medala layiq görülüb. Bu ilin oktyabr ayında Gürcüstanda təşkil olunan yarışda məktəbin iki yetirməsi ikinci yerə, daha iki yetirməsi isə üçüncü yerə çıxıb.

Öz uğurları ilə fərqlənən RİOEUGİM-in boksçuları barədə də xoş sözlər demək olar. Buranın dəri əlcək ustaları bir sıra yarışlardan qalib kimi ayrılıblar. Yanvar ayında keçirilən ölkə birinciliyində Məhəmməd Abdullayev bütün rəqiblərini üstələyib. Onun komanda yoldaşı Əli Həşimli isə ikinci olub. Fevral ayında keçirilən Azərbaycan birinciliyində RİOEUGİM-in 2 idmançısı birinci yerə, 1 idmançısı isə ikinci yerə çıxıb. Buranın rinq ustaları beynəlxalq turnirlərdə də uğurla mübarizə aparıblar. Bu ilin may ayında Ukraynanın Lvov şəhərində yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. İdman məktəbinin yetirməsi Məhəmməd Abdullayev bütün döyüşlərdə qalib gələrək birinci yerə layiq görülüb. Perspektivli boksçu sentyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan dünya birinciliyindən də qızıl medalla qayıdıb. Bu nəticələr bir daha göstərir ki, 1 saylı RİOEUGİM-in pedoqoji kollektivi öz işinin öhdəsindən layiqincə gəlir.
Şübhəsiz ki, gənc nəslin fiziki inkişafı ilə yanaşı, onların mənəvi inkişafı da dövlətimizin diqqət mərkəzindədir. Çünki gənclərin mənəvi sağlamlığı önəmli məsələdir. Bu baxımdan, 1 saylı RİOUGİM-in kollektivinin həyata keçirdiyi işlər yeniyetmə və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır. Məktəbin kollektivi burada məşq edən idmançıların pis vərdişlərdən uzaqlaşdırılması istiqamətində fəallıq nümayiş etdirirlər. Burada "Narkotikə yox deyək” devizi altında keçirilən turnirlər yeniyetmə və gənclərin mənəvi tərbiyəsinə müsbət təsir göstərir. Məşqçi-müəllimlər gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına hər zaman diqqətlə yanaşır, onların kamil insan kimi yetişməsini ən vacib məsələ hesab edirlər.
Orxan Ələkbərov qeyd etdi ki, dövlətimizin göstərdiyi qayğı sayəsində məktəbdə hər cür şərait yaradılıb. "İdman sahəsinin inkişafı dövlətimizin əsas prioritet məsələsidir. Hazırda respublikamızın hər yerində idman məktəbləri, klublar, idman kompleksləri fəaliyyət göstərir. Hər yerdə idman infrastrukturu yenilənir. Azərbaycanın gənc nəslinin fiziki sağlamlığının qorunması üçün atılan addımlar hər birimizin ürəyincədir. Bizim məktəbimiz də qayğı ilə əhatə olunub. İdman zallarımızda lazımi şərait mövcuddur. Çalışırıq ki, bizə göstərilən bu qayğıdan yararlanaq, etimadı doğruldaq. Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı ilə bağlı həyata keçirilən işlər qəlbimizi sevinc hissləri ilə doldurur. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğı, idman infrastrukturunun yenilənməsi, yeni idman obyektlərinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsində mühüm rol oynayır. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan güclü, qüdrətli dövlətdir. Azərbaycan ən irimiqyaslı idman tədbirlərini təşkil etmək qüdrətinə malikdir. Birinci Avropa Oyunlarında qitənin 6000 idmançısı Bakıya gəlmişdi. Onların hər biri burada yaradılan şəraitdən razı qaldı. Eyni zamanda, atletlər xalqımızın qonaqpərvərliyinin, yüksək mədəniyyətinin şahidi oldular. Avropa Oyunlarında Azərbaycan idmançılarının yüksək yerlər tutması isə xalqımıza daha böyük sevinc bəxş etdi. Əminəm ki, atletlərimiz gələn il Rio-de Janeyro şəhərində keçiriləcək yay Olimpiya Oyunlarında da mükafatçılar sırasında yer alacaqlar”, - deyə gənc mütəxəssis əlavə etdi.
Qeyd edək ki, Avropa Oyunları ərəfəsində respublikamızda təbliğat xarakterli zona yarışları keçirilib. 14 idman növü üzrə təşkil olunan bu yarışların keçirilməsində 1 saylı RİOEUGİM-in direktoru Orxan Ələkbərov də fəallıq göstərib. Buna görə də o, Təhsil naziri Mikayıl Cabbarov tərəfindən fəxri fərmanla təltif olunub.

Hürrü Abdullayev