Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children” beynəlxalq turniri keçirilib.
Turnirdə kiçik yaşlı yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycanın yığma komandasının üzvləri də mübarizə aparıblar. Turnirdə yunan-Roma güləşçilərimiz 2-ci, sərbəst güləşçilər isə 3-cü pillədə qərarlaşıblar.
Komanda xarakteri daşıyan turnirdə yunan-Roma güləşçilərimiz qrupda İran (6:4), Türkmənistan (10:0), Tacikistan (8:2) və Qırğızıstan (8:2) yığmalarını məğlub edərək finala yüksəliblər. Finalda İranın digər komandası ilə qarşılaşan yığmamız görüşü 5:5 hesablı bərabərliklə tamamlayıb. Texniki üstünlük rəqibdə olduğundan yığmamız turnirin gümüş medalı ilə kifayətlənib.
Sərbəst güləşçilər isə İraq və Gürcüstan pəhləvanlarını 9:1 hesabı ilə məğlub edib, İran komandasına 4:6 hesabı ilə uduzaraq qrupu ikinci sırada tamamlayıblar. Bu nəticə ilə yığmamız digər qrupun ikincisi olan daha bir İran komandası ilə bürünc medal uğrunda görüşə çıxıb. Hesab 5:5 olsa da, texniki cəhətdən üstün olan komandamız görüşü qalib başa vurub və turnirin bürünc medalına yiyələnib.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edib.