Namiq Əliyev: “Güləşçilərimiz qarşıda qoyulan məqsədin məsuliyyətini dərk edirlər”

Namiq Əliyev: “Güləşçilərimiz qarşıda qoyulan məqsədin məsuliyyətini dərk edirlər”



Noyabrın 27-dən 29-dək Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. 40-dan artıq ölkənin ən güclü güləşçilərinin iştirak edəcəyi bu turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız qüvvəsini sınayacaqlar.
Beynəlxalq turnirə hazırlıqla bağlı Olimpiya Güləş Mərkəzində sərbəst güləş üzrə yığma komandanın açıq məşqi keçirilib. Məşqdə əsas komandanın üzvləri ilə yanaşı, gənclərdən ibarət yığmanın pəhləvanları, habelə Gürcüstan və Dağıstan güləşçiləri də iştirak ediblər. Açıq məşq zamanı Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də zalda olub. Media nümayəndələrinin suallarını cavablandıran federasiya rəsmisi güləşçilərin hazırlıq səviyyəsindən razı qaldığını deyib: "Hazırlıq prosesi yüksək səviyyədə davam edir. Güləşçilərimiz qarşıda qoyulan məqsədin məsuliyyətini dərk edirlər. Gələn il bizi Rio-2016 Yay Olimpiya Oyunları gözləyir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri turnirində əsas heyət üzvləri iştirak edəcəklər. Eyni zamanda, digər perspektivli idmançıları da sınaqdan keçirmək fikrindəyik. Əsas məqsədimiz idmançılarımızın hazırlıq səviyyəsini yüksək səviyyəyə çatdırmaqdır. Rioda böyük uğurlar qazanmaq istəyirik”.
Namiq Əliyev Qızıl Qran-pri turnirinin gedişində Avropa Güləş Konfederasiyasının konfransının təşkilinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, ilk dəfə keçirilən bu tədbirdə Avropa və dünya güləş aləmində mövcud vəziyyət müzakirə ediləcək, güləşin inkişafı üçün yeni fəaliyyət proqramının hazırlanması barədə fikir mübadiləsi aparılacaq.