Qızıl Qran-pri turnirinin açılış mərasimi keçirilib

Qızıl Qran-pri turnirinin açılış mərasimi keçirilib



Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.
"Olimpnews.az” xəbər verir ki, mərasimdə Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson, Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, Dağıstan Respublikasının baş naziri, Dağıstan Güləş Federasiyasının prezidenti Abdusamad Həmidov və digərv rəsmi şəxslər iştirak ediblər.
Mərasimin əvvəlində incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. Sonra iştirakçı komandaların bayraqları arenaya gətirilib.
Mərasimdə çıxış edən Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə və ölkə başçısına minnətdarlığını bildirib. Beynəlxalq idman rəsmisi bu turnir Dünya Güləş Birliyinin təqvim planınındakı ən güclü yarışlardan biri kimi dəyərləndirib. "Dostluq, qardaşlıq və qarşılıqlı hörmət şəraitində gücünü sınamaq üçün bütün qitələrdən Bakıya yarışmağa gələn bütün güləşçiləri təbrik edirəm. Olimpiadaqabağı bu yarışın təşkili çox mühüm əhəmiyyət daşıyır və güləş idman növünü zirvələrə ucaltmağa çalışan Azərbaycan Güləş Federasiyasının (AGF) dinamik inkişafından xəbər verir".
Sonra çıxış edən AGF-nin I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev artıq 8-ci ildir ölkəmizdə keçirilən bu mötəbər yarışın təşkilini Azərbaycana etibar etdiyinə görə Dünya Güləş Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. AGF rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində son illər Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib: "Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan bu ilin iyun ayında tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq idman tədbirinin təşkili və keçirilməsi bütün dünya idman ictimaiyyəti, qonaqlar və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. London-2012 Yay Olimpiya Oyunlarında qazanılan nailiyyətləri davam etdirən pəhləvanlarımız Avropa Oyunlarında 15 medal (6 qızıl, 2 gümüş və 7 bürünc medal) qazanmaqla xalqımıza sevincli anlar yaşatdılar. Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında isə 11 güləşçimiz Rio-2016 Olimpiadasına lisenziya əldə etdi. Qazanılan bu uğurlar, əldə olunan nailiyyətlər Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xəttlə inkişafının bariz nümunəsidir. Qarşıda bizi Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları gözləyir. Hədəfimiz bu Oyunlarda yüksək əyarlı medallar qazanaraq bayrağımızı yüksəltmək, himnimizi səsləndirməkdir".
Çempionatda iştirak edən idmançılara uğurlar arzulayan AGF I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yarışı açıq elan edib. Yarışın təntənəli açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Xatırladaq ki, noyabrın 27-dən 29-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq güləş turnirinin final mərhələsi keçirilir. Bakı İdman Sarayında təşkil edilən turnirdə dünyanın 41 ölkəsindən 450-ə yaxın ən güclü pəhləvan mübarizə aparacaq.