Dünya Güləş Birliyi (DGB) noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Sərbəst güləşçilərimizdən 13 nəfəri DGB-nin reytinq siyahısında öz yerlərini tutub. Noyabr ayında Bakıda təşkil edilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı nailiyyətlər onların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Xatırladaq ki, idmançılarımız sərbəst güləş yarışlarında 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.
Azərbaycanın sərbəst güləş tarixində ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev Qızıl Qran-pri turnirinin də çempionu olmaqla 61 kq çəki dərəcəsində reytinqdəki mövqeyini gücləndirib. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) da Qızıl Qran-pri turnirinin qalibi adını qazanmaqla reytinqdə ikinciliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir güləşçimiz Olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). Təmsilçimiz reytinqdə 3-cü yerdə qərarlaşıb.
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov isə müvafiq olaraq bir pillə irəliləyiblər. Qızıl Qran-pri turnirinin gümüş mükafatını qazanan idmançılarımız 4-cü və 6-cı pilləyə yüksəliblər.
"Olimpnews".az