İkiqat dünya çempionumuz reytinqdə birincidir

İkiqat dünya çempionumuz reytinqdə birincidir


Dünya Güləş Birliyi (DGB) noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Sərbəst güləşçilərimizdən 13 nəfəri DGB-nin reytinq siyahısında öz yerlərini tutub. Noyabr ayında Bakıda təşkil edilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı nailiyyətlər onların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Xatırladaq ki, idmançılarımız sərbəst güləş yarışlarında 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.
Azərbaycanın sərbəst güləş tarixində ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev Qızıl Qran-pri turnirinin də çempionu olmaqla 61 kq çəki dərəcəsində reytinqdəki mövqeyini gücləndirib. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) da Qızıl Qran-pri turnirinin qalibi adını qazanmaqla reytinqdə ikinci yerini qoruyub. Mövqeyini dəyişməyən daha bir güləşçimiz Olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). Təmsilçimiz reytinqdə 3-cü yerdə qərarlaşıb.
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov isə müvafiq olaraq bir pillə irəliləyiblər. Qızıl Qran-pri turnirinin gümüş mükafatını qazanan idmançılarımız 4-cü və 6-cı pilləyə yüksəliblər.