Aerobika gimnastikası ilə məşğul olanların sayı artır

Aerobika gimnastikası ilə məşğul olanların sayı artır



Dekabrın 11-də aerobika gimnastikası üzrə Milli Gimnastika Arenasının köməkçi zalında Azərbaycan birinciliyi keçirildi. Ölkəmizdə ilk dəfə təşkil edilən birincilikdə uşaq və yeniyetmə gimnastlar qüvvələrini sınadılar. Qaliblərə və yarışda fərqlənənlərə medal, diplom və hədiyyələr təqdim edildi.

 "Olimpnews.az” saytı yarışdan sonrayarış təşkilatçılarının və federasiya rəsmilərinin fikirlərini öyrəndi.


«Azərbaycan Gimnastika Federasiyası rəhbərliyinin diqqət və qayğısı sayəsində bu sahə günü-gündən inkişaf edir»


Elşad Nərimanov, 
Azərbaycan Gimnastika Federasiyasının nizam-intizam komissiyasının üzvü, AGF-in elmi qrupunun rəhbəri, ADBTİA-nın gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasının müdiri:

- Aerobika ggimnastikası üzrə ölkə birinciliyi ilk dəfədir ki, keçirildi. Yarış birinci dəfə keçirilməsinə baxmayaraq birinciliyə maraq çoxdur. Qeyd edim ki, son dövrlərdə Milli Gimnastika Arenasına gimnastikanın müxtəlif növləri, o cümlədən aerobika gimnastikası ilə məşğul olmaq üçün müraciət edənlərin sayı həddindən artıqdır. Yeniyetmə və gənclər, xüsusən də qızlar bu növə daha çox maraq göstərirlər. Bu növdə idmançılar fərdi, qarışıq və qrup hərəkətlərində çıxış edə bilərlər. İdmançılarla yanaşı, bu sahədə məşqçilərin də sayı artıb. Yarandığı ilk dövrlərdə bu növə bədii gimnastikadan məşqçi və idmançılar cəlb olunmuşdular. Qeyd edim ki, Azərbaycan Gimnastika Federasiyası rəhbərliyinin diqqət və qayğısı sayəsində bu sahə günü-gündən inkişaf edir. Hətta aerobika gimnastikası üzrə komandamız tarixdə ilk dəfə paytaxtımızda keçirilən I Avropa Oyunlarında da çıxış etdi. Əlbəttə, 6 aya, 1 ilə dünya səviyyəli idmançı hazırlamaq çətindir. Hazırda komandaya Rusiyadan məşqçi dəvət edilib. 2016-cı ilin iş planı müəyyənləşib. İnanıram ki, uğurlarımız daha da çox olacaq və təmsilçilərimiz aerobika gimnastikası üzrə də beynəlxalq yarışlarda çıxış edərək yüksək nailiyyətlər əldə edəcəklər.


«Aerobika gimnastikasına maraq çoxdur”


Yuliya Amosova, 
aerobika gimnastikası üzrə yığma komandanın baş məşqçisi:

- Azərbaycanda gimnastikanın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Yeni yaranan aerobika gimnastikasına maraq çoxdur. Hazırda 80-dan çox idmançı bu növlə məşğul olur. Gördüyünüz kimi, həmin idmançılardan ən yaxşıları Azərbaycan birinciliyində qüvvələrini sınadılar. Yığma komanda gələn ildən etibarən keçiriləcək Dünya kubokunun mərhələ yarışlarına hazırlaşır. İyunda isə Koreyada dünya çempionatı keçiriləcək. Yeniyetmə və gənclərdən ibarət yığma komanda isə yerli və beynəlxalq yarışlarda çıxış edəcəklər.



"Məqsəd milli yığmaya istedadlı və perspektivli idmançıların cəlb olunmasını təmin etməkdir”

Azər Novruzov, 
Azərbaycan Gimnastika Federasiyasının idman şöbəsinin meneceri:

-Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi ilk dəfədir təşkil edilir. Yarışda "Ocaq Sport İdman Klubu”nun uşaq və yeniyetmə gimnastları qüvvələrini sınayırlar. Adıçəkilən idman klubunda gimnastikanın müxtəlif növləri üzrə kifayət qədər və istedadlı idmançılar məşğul olurlar. Gələcəkdə təbii ki, digər klubların təmsilçiləri də ölkə birinciliklərində yarışacaqlar. Bu idman növü ölkəmizdə yeni yaranıb. Lakin buna baxmayaraq ətrafına xeyli idmançı toplaya bilib. Bu, ilk birincilikdir və bundan sonra aerobika və digər yeni yaranan idman növləri üzrə ölkə birincliklərinin, şəhər çempionatlarının keçirilməsi bir ənənə halını alacaq. Bu növ yarışların təşkilində məqsəd milli yığmaya istedadlı və perspektivli idmançıların cəlb olunmasını təmin etməkdir.


"İnanıram ki, birinciliyin ilk qalibləri ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcəklər»

Alfiya Mantova, idman aerobikası üzrə yığma komandanın məşqçisi, beynəlxalq dərəcəli hakim

- Azərbaycan birinciliyi yüksək səviyyədə keçdi. Gimnastlar burada öz bacarıq və imkanlarını nümayiş etdirdilər. Yarışda hakimlər öz vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəldilər. Qeyd edim ki, ədalət təmsilçiləri fevral ayında rəhbərliyim altında hakimlər üçün keçirilən seminarlarda iştirak ediblər.
İdmançıların yüksək səviyyəli çıxışı göstərdi ki, aerobika gimnastikası inkişaf edir. Yarış iştirakçıları arasında kifayət qədər istedadlı və perspektivli gimnastlar var idi. Bu idmançılar ölkəmizi gələcəkdə beynəlxalq səviyyəli yarışlarda da təmsil edə bilərlər. Bu növdə yarışlar qızlar və oğlanlar arasında fərdi, qarışıq cütlüklər, üçlük və qrup komandaları üzrə keçirilir. İnanıram ki, birinciliyin ilk qalibləri ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcəklər.