Dekabrın 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi keçiriləcək.
"Olimpnews.az” xəbər verir ki, birincilikdə Bakı Gimnastika Məktəbi, "Ocaq Sport İdman Klubu”, "Neftçi”, "Spartak”, "Sərhədçi”, "Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksinin nümayəndələri yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də çıxış edəcəklər.
Yarışın ilk günündə 2005-2007-ci il təvəllüdlü idmançılar alətsiz, halqa və topla, üç çıxışın cəmində mübarizə aparacaqlar və çoxnövçülükdə ən güclü gimnastlar müəyyən ediləcək.
İkinci yarış günündə həmin yaş kateqoriyasında bədii gimnastlar qrup yarışlarına qüvvələrini sınayacaqlar. Fərdi proqramda isə 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar yarışacaqlar. Onlar hərəkətləri ip, halqa, top və gürzlərlə nümayiş etdirəcəklər.
Dekabrın 19-da yeniyetmələr və böyüklər halqa, top, gürz və lentlərlə mübarizə aparacaqlar. Turnirin son günü balacalar, yeniyetmələr və gənclər yaş qruplarına daxil olan region təmsilçiləri üçün xüsusilə əlamətdar olacaq. Onlar bütün yaş kateqoriyasında regionlararası ikinci kubok uğrunda yarışacaqlar.
Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarını komandanın lideri, I Avropa Oyunlarının gümüş, 2015-ci ilin Avropa çempionatının bürünc mükafatçısı, Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Marina Durunda sevindirəcək. Yeniyetmələr arasında isə 2014-cü ilin Avropa çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva çıxış edəcək. Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər.