Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası Kubok yarışlarına start verilib. Üç gün davam edəcək yarışlarda Bakı və bölgələri təmsil edən 160 gimnast qüvvəsini sınayır.
Birincilikdə Bakı Gimnastika Məktəbi, "Ocaq Sport İdman Klubu”, "Neftçi”, "Spartak”, "Sərhədçi”, "Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksinin nümayəndələri yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də iştirak edirlər.
Dekabrın 17-də bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası Kubok yarışlarının açılış mərasimi keçirildi. Mərasimi giriş sözü ilə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman şöbəsinin meneceri Azər Novruzov açdı. A.Novruzov yarış iştirakçılarını salamlayaraq dedi: "Yola salmağa hazırlaşdığımız 2015-ci il ölkəmizin idman həyatı üçün çox əlamətdardır. Belə ki, Azərbaycan tarixdə ilk dəfə ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə böyük uğur qazandı. Bu il gimnastlarımız üçün də çox uğurlu illərdən biridir. Bədii gimnastika üzrə komandamızın lideri Avropa çempionatında və I Avropa Oyunlarında gümüş medala sahib olub. O həm də Almaniyanın Ştutqart şəhərində keçirilən dünya çempionatında 2016-cı ildə keçiriləcək Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qrup hərəkətləri üzrə komandamız isə gələn ilin aprelində olimpiadaya lisenziya əldə etmək üçün yarışacaq. Bu yarışlarda paytaxt və regionlardan bədii gimnastlarımız qüvvələrini sınayırlar. Bütün idmançılarımıza öz imkan və bacarıqlarını layiqincə nümayiş etdirməyi arzulayıram”.
Azər Novruzov yarışı açıq elan etdikdən sonra 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar alətsiz, halqa və topla mübarizə apardılar və üç çıxışın cəmində çoxnövçülük üzrə ən güclü gimnastlar müəyyən edildi.
Qeyd edək ki, ikinci yarış günündə həmin yaş kateqoriyasında bədii gimnastlar qrup yarışlarında qüvvələrini sınayacaqlar. Fərdi proqramda isə 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar yarışacaqlar. Onlar hərəkətləri ip, halqa, top və gürzlərlə nümayiş etdirəcəklər.
Dekabrın 19-da yeniyetmələr və böyüklər halqa, top, gürz və lentlərlə mübarizə aparacaqlar. Turnirin son günü balacalar, yeniyetmələr və gənclər yaş qruplarına daxil olan region təmsilçiləri üçün xüsusilə əlamətdar olacaq. Onlar bütün yaş kateqoriyasında regionlararası ikinci kubok uğrunda yarışacaqlar.
Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarını komandanın lideri, I Avropa Oyunlarının gümüş, 2015-ci ilin Avropa çempionatının bürünc mükafatçısı, Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Marina Durunda sevindirəcək. Yeniyetmələr arasında isə 2014-cü ilin Avropa çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva çıxış edəcək. Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər.
Səadət