Azad Rəhimov: “Azadlıq meydanında pit-stop tikiləcək”

Azad Rəhimov: “Azadlıq meydanında pit-stop tikiləcək”


Bu gün Bakı Şəhər Halqasının 2016-cı ildə Azərbaycan paytaxtında keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi ilə əlaqədar növbəti mətbuat konfransını təşkil olundu. Olimpnews.az saytının məlumatına görə, "Fairmont" hotelində keçirilən tədbirdə gənclər və idman naziri və Halqanın Əməliyyat Komitəsinin sədri Azad Rəhimov iştirak etdi.

2016-cı ildə Bakıda keçiriləcək Formula-1-in Avropa Qran-Prisi üçün biletləri sabahdan satışa çıxarılır. Azad Rəhimov həvəskarların da yarışı izləyə biləcəyini bildirdi: "Formula-1-in Bakı Qran-Prisi üçün 30 minə qədər bilet satılacaq. Qiymətlər müxtəlifdir və sabah saat 12-dən satışa start veriləcək. Elə etmişik ki, həvəskarlar da yarışı izləyə bilsinlər. Sürprizlər edəcəyik. Çalışacağıq ki, paytaxt sakinləri əsl bayram yaşasınlar. Konsertlər, şou proqramlar təşkil olunacaq”.

Formula-1-də yollar üçün aparılan işlərə 12 milyon manat pul xərclənməyi nəzərdə tutulub. "Həmçinin Əməliyyat Komitəsi hələlik 5 milyon pul xərcləyib. Bu, təbliğat və işçilərin əmək haqqına sərf olunub. Bundan əlavə, Azadlıq meydanında pit-stop tikiləcək. Biletlərin qiyməti 19 manatdan başlayır. Biletlərin satışından əldə edəcəyimiz gəliri hesablamaq mümkündür. Azərbaycanlılara biletlərin qiymətində 40 faiz endirim olacaq. Məqsədimiz Bakı sakinlərinə maneə yaratmamaqdır. Çalışacağıq ki, mümkün qədər tıxac olmasın. Bunun üçün lazımi tədbirlər görüləcək. Hər bir ölkə Formula-1 yarışlarında təmsil olunmağı arzulayır. Gələcəkdə ola bilsin ki, burada Azərbaycan da təmsil olunsun. Dövlətin bu idman növündə komanda yaratmaq planı yoxdur. Əgər hansısa biznesmen bunu etmək istəsə, dəstək verərik”, - deyə gənclər və idman naziri əlavə etdi.

Halqanın Əməliyyat Komitəsinin sədri 10 illik müqavilədən 5 ildən sonra imtina oluna bilməsinə də aydınlıq gətirdi: "Bakıda qonaqları qəbul etmək üçün 5 ulduzlu otellərin sayı kifayət qədərdi. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, paytaxtımızda 12 min çarpayılıq yer verilib. Pilotlar, rəsmilər və komandalar ümumilikdə 2500 nəfər təşkil edəcək. Onlar üçün yerlər artıq tutulub. Yollar bir dəfə düzələcək və növbəti illərdə təmirə ehtiyac olmayacaq. Müqavilə 10 illik nəzərdə tutulub. Amma 5 ildən sonra davam da edə bilərik, imtina da. Bu bizim qərarımızdan asılı olacaq. Əməliyyat şirkətində 50-yə yaxın yerli, 3 əcnəbi çalışır. Çalışacağıq ki, gələn ildən ancaq yerlilər olsun”.

Azad Rəhimov Azərbaycan Avtomobil Federasiyası tərəfindən hazırda Zirə istiqamətində böyük bir sahə götürüldüyü vurğuladı: "Bu sahə böyük avtodrom tikintisi üçün nəzərdə tutulub. Lakin gələn il və qarşıdakı illərdə dövlət büdcəsindən bunun üçün vəsait nəzərdə tutulmayıb”.

Rahib Səmədov