Milli Gimnastika Arenasında yarışlar davam edir

Milli Gimnastika Arenasında yarışlar davam edir



Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası Kubok yarışları davam edir. Yarışlarda Bakı və bölgələri təmsil edən 17 idman cəmiyyətindən 160 gimnast qüvvəsini sınayır. Qeyd edək ki, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq 9 regionun nümayəndələri də yarışlarda iştirak edir. Bölgələrarası Kubok yarışlarında 32 gimnast mübarizə aparacaq.

"Olimpnews.az” xəbər verir ki, yarışların ilk günündə 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar alətsiz, halqa və topla mübarizə aparıblar və üç çıxışın cəmində çoxnövçülük üzrə ən güclü gimnastlar müəyyən edilib. 10 yaşlılar arasında mükafalayiq yerləri Nərmin Bayramova ("Zirvə”, toplam 34,5 bal), Selcan Hacızadə (Respublika Kompleks İdman Məktəbi, 31,35 bal) və Elnarə Cabbarova (BGM, 30,6 bal) tutub.
"Ocaq Sport İdman Klubu”nun təmsilçisi Kamilla Əliyeva (31,95 bal) 11 yaşlılarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2-ci yerə yenə həmin klubun yetirməsi Fidan Yusifzadə (31,85 bal) sahib olub. "Neftçi”nin təmsilçisi Cahan Əsədova (30,6 bal) isə 3-cü yerlə kifayətlənib.
2007-ci il təvəllüdlü balaca gimnastların yarışında Fatimə Məmmədzadə (32,9 bal), Nuray Həsənzadə (BGM, 24,15 bal) və Aylin Məmmədova ("Start”, 23,5 bal) fərqləniblər.
İkinci yarış günündə 2005-2007-ci il təvəllüdlü bədii gimnastlar qrup yarışlarında qüvvələrini sınayıblar. Fərdi proqramda isə 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar bacarıqlarını nümayş etdiriblər. Onlar ip, halqa, top və gürzlərlə çıxış ediblər.
Balaca gimnastların qrup yarışlarının qalibi adını "Ocaq Sport İdman Klubu” (10,15 bal) qazanıb. Regionlar üzrə yeniyetmələr arasında fərdi proqramda Lətifə Sultaliyeva (Qusar, 12,7 bal), gənclərdə Xuraman Babayeva (Kürdəmir, 9,2 bal), böyüklərdə isə Leyla Səidova ("Zirvə”, 8, 45 bal) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Rayonlar üzrə 2005-2007-ci il təvəllüdlü gimnastların yarışında qalib adını Nərmin Bayramova ("Zirvə”), Nəzrin Cavadlı (Göyçay) və Nənəbacı Cəfiyeva (Qusar) qazanıblar.
Halqa, top, ip və gürzlərdə yeniyetmələr arasında Dərya Farşbafşəhriyari (BGM), gənclər arasında Zöhrə Ağamirova ("Ocaq”) gözəl oyun nümayiş etdirərək hakimlərdən ən yüksək bal alıblar.
Yarışlar davam edir. Sabah yeniyetmələr (2000-2002-ci il təvəllüdlü) ip, halqa, top, gürzlərdə, böyüklər (1999-cu il təvəllüdlü və böyüklər) isə halqa, top, gürzlər, lentlərdə qüvvələrini sınayacaqlar.
Sabah həm də tarix balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında bölgələrarası Kubok yarışları başlayacaq.

"Olimpnews.az”