“Yaşıl qitə”nin üzgüçüləri cəzalandırıldılar

“Yaşıl qitə”nin üzgüçüləri cəzalandırıldılar

Avstraliya Üzgüçülük Federasiyası (AÜF) London-2012 Yay Olimpiya Oyunlarının estafet yarışlarında (4x100) iştirak edən üzgüçüləri cərimələyib. Federasiyanın Etika Komissiyasının apardığı araşdırmalar göstərib ki, həmin idmançılar Londonda qeyri-etik hərəkətlərə yol veriblər. Komandanın üzvləri yarış ərəfəsində qadağan olunmuş dərman və spirtli içki qəbul ediblər. Bu isə Avstraliya estavet komandasının medalsız qalmasına səbəb olub. Etika Komissiyası bu üzgüçülərin hər birinə pul cəzası kəsib. Bu hal təkrarlanarsa, həmin idmançılar ömürlük diskvalifikasiya olunacaqlar.
Xatırladaq ki, Avstraliyanın üzgüçülük üzrə yığma komandası Londonda 1 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıb. Bu, Barselona-1992 Olimpiadasından sonrakı dövrlərdə göstərilən ən aşağı nəticədir. "Yaşıl qitə”nin üzgüçüləri, 1976-cı ildən sonra, ilk dəfə London Olimpiadasında fərdi yarışlarda medal qazanmayıblar.