Dekabrın 25-27-də sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.
"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün davam edəcək yarışlar Bakı İdman Sarayında təşkil ediləcək.
Gənclər və İdman Nazirliyi vəAzərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 1997-ci il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edəcəklər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar AGF Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 59 kq, 66 kq, 71 kq, 75 kq, 80 kq, 85 kq, 98 kq və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Proqrama əsasən, dekabrın 24-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57 kq, 61 kq, 65 kq, 70 kq və 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın 26-da 86 kq, 97 kq və 125 kq sərbəst, 59 kq, 66 kq, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75 kq, 80 kq, 85 kq, 98 kq və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək.